Bu gün Strasburqda Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) növbəti qış sessiyası işə başlayır.
Oxu.Az xəbər verir ki, sessiyanın gedişatında AŞPA prezidenti və vitse-prezidentlərinin, İHAM hakimlərinin seçkiləri baş tutacaq. Parlamentarilər Bolqarıstanda prezident seçkilərinin, Makedoniyada parlament seçkilərinin monitorinq nəticələri üzrə hesabatları müzakirə edəcəklər.
Yanvarın 24-də AŞPA deputatları qarşısında genişlənmə və Avropa qonşuluq siyasəti üzrə Avropa komissarı Yohans Han, Kiprin prezidenti Nikos Anastasiadis, yanvarın 25-də isə Rumıniya prezidenti Klaus İohannis çıxış edəcək.
Sessiyada Türkiyədə və Ukraynada demokratik təsisatların fəaliyyəti, Suriyada vəziyyət və onun qonşu ölkələrə təsiri, eləcə də Livanda vəziyyət, regional sabitlik, Avropada təhlükəsizlik çağırışları, Qəzzada humanitar böhran, jurnalistlərə hücum və KİV azadlığı kimi mövzular müzakirə olunacaq.
Sessiya yanvarın 27-də başa çatacaq.
N.O.
www.oxu.az