Sudanın Şimali Kordofan əyalətinin paytaxtı əl-Übeyddə Çevik Reaksiya Qüvvələrinin (ÇRQ) pilotsuz təyyarəsinin yaşayış məntəqəsinə endirdiyi zərbə nəticəsində azı 10 mülki şəxs həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Dabanga" radiostansiyası məlumat yayıb.
Radiostansiyanın qeyd etdiyinə görə, hücum Sudanda ilin əvvəlindən münaqişənin kəskin şəkildə artması fonunda baş verib. Sudan ordusunun və çevik reaksiya qüvvələrinin həm hərbi, həm də mülki hədəflərə beş gün ərzində ən azı səkkiz zərbə endirərək pilotsuz təyyarələrdən istifadəni gücləndirib. Yerli insan haqları və humanitar təşkilatlar son eskalasiya nəticəsində 150-dən çox mülki şəxsin həlak olduğunu, onlarla insanın yaralandığını iddia edirlər.
Sudanda vəziyyət 2023-cü ilin aprelində Suveren Şuranın sədri (Sudanın müvəqqəti idarəetmə orqanı) və ordu komandiri Əbdülfəttah əl-Burhanla ÇRQ-nin rəhbəri Məhəmməd Həmdan Daqalo arasındakı fikir ayrılıqları səbəbindən gərginləşib. Xartumda başlayan qarşıdurmalar sürətlə ölkənin digər bölgələrinə də yayılıb. Mütəxəssislərin hesablamalarına görə, münaqişə ən azı 40 min insanın ölümünə, təxminən 14 milyon insanın didərgin düşməsinə və çox sayda insanın aclıq astanasında qalmasına səbəb olub.