“Qatar Airways” aviaşirkətinin Qətərin paytaxtı Dohadan Yeni Zelandiyanın Oklend şəhərinə uçan təyyarəsi dünyada ən uzun uçuşu həyata keçirib. Uçuşun müddəti 16 saat 15 dəqiqə olub.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
“Boeing 777-200” təyyarəsi 14,5 min km məsafə qət edərək cədvəldə göstərilən vaxtdan 15 dəqiqə əvvəl Okland aeroportuna çatıb. Küləyə görə geriyə uçuş 18 saat çəkə bilər.
Ənənəyə görə yanğınsöndürənlər enən təyyarənin üzərinə su töküblər.
Aviaşirkətin rəhbəri Əkbər əl-Baker bildirib ki, yanacağın qiymətlərinin bahalaşması “Qatar Airways”in bu marşrut üzrə reyslərə dair qərara təsir etməməlidir.
Növbəti rekorda isə 2018-ci ildə Nyu-Yorka birbaşa reysləri bərpa etmək niyyətində olan “Singapore Airlines” aviaşirkəti sahib ola bilər. Bu reys 19 saat çəkir.
N.O.
www.oxu.az