Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Tibbdə inqilab: Qan əmələ gətirmə funksiyası olan ürək orqanoidi hazırlandı
Dünyada ilk dəfə orqanın inkişafını və qan yaranmasını təqlid edən ürək modeli yaradılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Almaniyanın Leybnits Tədqiqat Laboratoriyaları Birliyinin alimlərinin "Nature Cell Biology" jurnalında dərc edilmiş məqaləsində məlumat verilib.
Bir neçə millimetr ölçüsündə olan ürək mini-orqanoidləri (orqan modelləri) insanın istənilən hüceyrə növünə çevrilə bilən pluripotent kök hüceyrələrindən (hPSC) yaradılıb.
Onların hazırlanma prosesi olduqca mürəkkəbdir: hüceyrələr ciddi müəyyən edilmiş qrafik üzrə qida maddələri və böyümə faktorları əlavə edilmiş hidrogel matrisində yetişdirilir. Bu, hüceyrələrə insan ürəyinin inkişafını təqlid edən üçölçülü strukturlar formalaşdırmağa imkan verir.
Qeyd edək ki, 2021-ci ildə alman alimlər erkən mərhələlərdə ürəyin inkişafını "təqlid edən" ürək formalaşdıran ilk orqanoid (HFO) yaratmışdılar. Yeni tədqiqat çərçivəsində alimlər öz modellərini genişləndirərək ona qan yaradan hüceyrələr əlavə ediblər. Bu model qan yaradan ürək orqanoidi kimi tanınır və BG-HFO adlandırılıb.
Yeni orqanoid qan yaranması prosesində toxumalar arası qarşılıqlı təsirin öyrənilməsi üçün əhəmiyyətli alət ola bilər. Bu model həm ürəyə, həm də qan damarlarına təsir edən COVID-19 kimi xəstəliklərin, həmçinin ürək və damarların inkişafına təsir göstərən xərçəng və genetik qüsurlar kimi digər xəstəliklərin araşdırılması üçün yeni imkanlar açır.
Rəylər