ABŞ-ın dövlət katibi Reks Tillerson Vaşinqtonun ən bahalı rayonu Kaloramada 5,6 milyon dollara ev alıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Washingtonian” jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, bu ev ilə qonşuluqda ABŞ-ın sabiq prezidenti Barak Obama, İvanka Tramp və əri Cared Kuşnerin evləri yerləşir. Evin dörd yataq otağı, həmin sayda da hamam otağı var.
ABŞ Senatı fevralın 1-də Reks Tillersonu dövlət katibi postuna təsdiq edib, bununla da Donald Trampın komandasında əsas təyinatlardan birini edib.
“ExxonMobil” neft korporasiyasının sabiq rəhbəri buna qədər diplomatik təcrübəsi olmayıb, öz karyerasını yalnız bir şirkətdə qurub. Trampın tənqidçiləri bunu, eləcə də Rusiyada tez-tez olmasını və Rusiyanın “Dostluq” ordeni ilə təltif edilməsini Tillersonun çatışmayan cəhəti hesab edirlər.
N.О.
www.oxu.az