ABŞ hökuməti İranın nüvə obyektlərinə zərbələr endirərkən istifadə olunan "B-2" strateji bombardmançı təyyarələrinin yeni partiyasını sifariş edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-də Veteranlar Günü münasibətilə Vaşinqton yaxınlığındakı Arlinqton qəbiristanlığında çıxış edən Prezident Donald Tramp bildirib.
Bu təyyarələr haqqında danışarkən o, onların köməyilə İranın nüvə potensialının dərhal və tamamilə məhv edildiyinə əminliyini ifadə edib. Trampın sözlərinə görə, Vaşinqton administrasiyası yenilənmiş modifikasiyada bu təyyarələrdən daha çox sifariş edib.
Xatırladaq ki, iyunun 13-ü gecə saatlarında İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. ABŞ münaqişəyə iyunun 22-də İsfahanda, Natanzda və Fordoda İranın nüvə obyektlərinə zərbələr endirərək qoşulub. Növbəti gün İran Qətərdə Yaxın Şərqdə ən böyük ABŞ aviabazası olan Əl-Üdeydə hücum edib. Bundan sonra Tramp İsrail və İranın atəşkəs rejimi qurmağa razılaşdıqlarını bildirib. Atəşkəs rejimi iyunun 24-də qüvvəyə minib.