"Həkimlər Ağ Evin yaxınlığında ABŞ Milli Qvardiyasının hərbçilərinə hücum edən kişinin həyatını xilas etmək uğrunda mübarizə aparırlar ki, daha sonra prokurorluq onun mühakiməsini həyata keçirib ölüm cəzası tələb edə bilsin".
Oxu.Az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Pensilvaniyadakı mitinqdə çıxışı zamanı bildirib.
"Həkimlər öz işlərini görməlidirlər, daha sonra da vəkillər", - deyə o bildirib.
Tramp həmçinin əlavə edib ki, hücum edən şəxs ağır xəsarətlər almasına baxmayaraq, onun sağ qalmaq üçün şansı yüksəkdir.
Xatırladaq ki, noyabrın 26-da Əfqanıstan əsilli şəxs Ağ Evin yaxınlığında Milli Qvardiya hərbçilərinə atəş açıb. Məlum olub ki, həmin kişi 2021-ci ildə ABŞ-yə gəlib.
Hadisənin səhəri gün Tramp Baydenin rəhbərliyi dövründə ölkəyə gələn bütün Əfqanıstan miqrantlarının araşdırılacağını qeyd edib.