ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə yeni telefon danışığı barədə məlumat verib.
Oxu.Az xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Truth Social" platformasında yazıb.
Trampın sözlərinə görə, söhbət zamanı Rusiya aerodromlarına hücum və İranın nüvə proqramı müzakirə edilib.
"Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığımı yenicə bitirdim. Zəng təxminən bir saat 15 dəqiqə davam edib. Biz Ukraynadan Rusiya təyyarələrinə hücumu, eləcə də hər iki tərəfdən baş verən müxtəlif hücumları müzakirə etdik. Yaxşı söhbət oldu, amma dərhal sülhə gətirib çıxaracaq söhbət deyil. Prezident Putin çox sərt şəkildə dedi ki, o, aerodromlara edilən son hücuma cavab verməli olacaq.
Biz İranı da müzakirə etdik. İranın nüvə silahı ilə bağlı qərar verməsi üçün vaxt daralır, bu qərar tez bir zamanda verilməlidir! Mən Putinə dedim ki, İran nüvə silahına malik ola bilməz və mən inanıram ki, biz bu mövzuda bir-birimizlə razıyıq. Putin İranla müzakirələrdə iştirak edəcəyini, bunun bəlkə də məsələni tez bir zamanda yekunlaşdırmağa kömək edə biləcəyini təklif etdi. Məncə, İran bu çox vacib məsələ ilə bağlı qərar verməkdə ləngiyir və bizə çox qısa zamanda yekun cavab lazım olacaq!", - Tramp yazıb.
