ABŞ-nin dövlət səhiyyə proqramı olan "Medicaid" artıq yetkinlik yaşına çatmayan şəxslər üçün cinsiyyət dəyişdirmə əməliyyatları və hormonal preparatların xərclərini qarşılamayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp özünün "Truth Social" şəbəkəsindəki hesabında məlumat verib.
"Bu gün mənim göstərişimlə doktor Mehmet Öz "Medicaid" proqramının bundan sonra yetkinlik yaşına çatmayanların cinsiyyət dəyişdirmə əməliyyatlarını və hormon müalicələrini maliyyələşdirməyəcəyini elan etdi. Biz məsum uşaqlarımızın gənc orqanizmlərinə ağlasığmaz və bərpaolunmaz zərər vuran bu vəhşi əməliyyatlara və prosedurlara məruz qalması üçün pul ödəmək fikrində deyilik", - deyə Tramp qeyd edib.
CNBC telekanalının məlumatına görə, yeni tətbiq edilən qaydalara əsasən, "Medicaid" və Uşaqların Tibbi Sığortası Dövlət Proqramının (CHIP) vəsaitləri gender təsdiqləyici tibbi yardımların və transgendərlərin keçid proseslərinin ödənilməsi üçün istifadə edilə bilməz.
Sözügedən qadağa cinsi yetkinliyi ləngidən blokerlərə, hormonal dərmanlara və cərrahi müdaxilələrə şamil olunur. Yeni qaydalar oktyabrın 13-dən etibarən qüvvəyə minəcək.
Qeyd edək ki, "Medicaid" dövlət proqramı aztəminatlı, əlilliyi olan şəxsləri, kasıb ailələrdən olan uşaqları və digər sosial cəhətdən həssas qrupları tibbi sığorta ilə təmin edir. Proqramın maliyyələşməsi həm federal, həm də ştat büdcəsi hesabına həyata keçirilir.