ABŞ prezidenti Donald Tramp Twitter-də onun tərəfindən adam döyülməsinə aid olan videogörüntüləri yayıb.
Oxu.Az xəbər verir ki, görüntülərdə Tramp CNN loqotipi ilə örtülmüş insanı yumruqlayıb yerə yıxır.
Video 2007-ci ildə çəkilmiş görüntülərin videoredaktor proqramı vasitəsilə dəyişdirilmiş versiyasıdır. 10 il əvvəl çəkilmiş videoda Tramp WWE franşizasının sahibi Vins Makmenə hücum edərək onu yerə yıxmışdı. Bu “hücum” şounun ssenarisində əvvəlcədən nəzərdə tutulmuşdu.
D.Tramp paylaşdığı videonu #FraudNewsCNN və #FNN heşteqləri ilə müşayiət edərək CNN-nin feyk, saxta xəbərlər yaydığına işarə vurub.
CNN isə ABŞ prezidentini mediaya nifrət aşılamaqda suçlayıb.
“Bu, zorakılığa birbaşa çağırışdır. Ona görə jurnalistlərdən kimisə öldürə bilərlər. Amma hər şeyə rəğmən, çalışmağa davam edəcəyik.”, - CNN-nin siyasi şərhçisi Ana Navarro deyib.
E.Ə.