Türkiyənin İstanbul şəhərində futbolçu Kubilay Kaan Kundakçının qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
Oxu.Az bu barədə NTV telekanalına istinadən xəbər verir.
Məhkəmədə Alaattin Kadayıfçıoğlu qəsdən adam öldürmə ittihamı ilə ömürlük, odlu silahlar haqqında qanunu pozduğuna görə isə əlavə olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Müğənni Aleyna Kalaycıoğlu qəsdən adam öldürməyə təhrik etmə və cinayət barədə məlumat verməmə ittihamları üzrə bəraət alıb.
Digər təqsirləndirilənlərdən Engin Taşkıran cinayətkarı himayə etməyə görə 2 il 1 ay, Metin Kadayıfçıoğlu sübutları gizlətmə və cinayətkarı himayə etməyə görə ümumilikdə 5 il, Mustafa Rece və Hüseyin Can Avcı isə sübutları gizlətməyə görə ayrı-ayrılıqda 2 il 1 ay həbs cəzasına məhkum ediliblər. Bu şəxslər barələrində xaricə çıxış qadağası tətbiq edilməklə məhkəmə nəzarəti şərtilə azadlığa buraxılıblar.
Müğənni İzzet Yıldızhan, Zuhal Kalaycıoğlu, Bilal Kadayıfçıoğlu və Ahmet Özkoç da onlara qarşı irəli sürülən ittihamlar üzrə bəraət alıblar.
Məhkəmədə Aleyna Kalaycıoğlu cinayətə heç bir aidiyyətinin olmadığını bildirərək ittihamları rədd edib. Alaattin Kadayıfçıoğlu isə silahın əlbəyaxa müdaxilə zamanı təsadüfən açıldığını iddia edərək futbolçunu qəsdən vurmadığını deyib.
Qeyd edək ki, hadisə martın 19-da İstanbulun Ümraniye rayonunda baş verib. Reper Vahap Canbay ayrıldığı müğənni Aleyna Kalaycıoğlu ilə barışmaq istəyib və bu məqsədlə dostu Kubilay Kaan Kundakçıdan kömək istəyib.
İddialara görə, həmin vaxt onların olduğu iş yerinin qarşısına işıqlı siqnalları olan lüks avtomobillər gəlib. Avtomobildən düşən şəxs reperə və onun dostlarına atəş açıb. Ağır yaralanan 21 yaşlı futbolçu Kubilay Kaan Kundakçının həyatını xilas etmək mümkün olmayıb.