Türkiyənin Diyarbəkir şəhərinin Bağlar rayonunda Terrora Qarşı Mübarizə və Çevik Polis Alayının yerləşdiyi binanın qarşısında törədilən partlayış nəticəsində həlak olanların sayı 9 nəfərə çatıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmayaraq, hadisədə yaralanan daha bir nəfər xəstəxanada dünyasını dəyişib.
Bununla da 3 nəfəri polis, 6-sı mülki vətəndaş olmaqla 9 nəfər şəhid olub.
14:11
Türkiyənin Diyarbəkir şəhərinin Bağlar rayonunda Terrora Qarşı Mübarizə və Çevik Polis Alayının yerləşdiyi binanın qarşısında törədilən partlayış nəticəsində 8 nəfər həlak olub, yüzdən çox sakin yaralanıb, onların 93-ü xəstəxanaya yerləşdirilib.
Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.
Ölənlərdən 2-si polis əməkdaşı, biri texniki işçi, 5-i isə dinc sakindir. Baş nazir ölən və yaralıların sayının artacağını istisna etməyib.
Partlayışa görə məsuliyyəti PKK terror qruplaşması öz üzərinə götürüb.
12:07
Türkiyənin cənubi-şərqində yerləşən Diyarbəkir şəhərində polis idarəsinin yaxınlığında baş verən partlayış nəticəsində polis əməkdaşları və dinc vətəndaşlar ölüb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə naziri Bəkir Bozdağ bəyan edib.
“Bu gün Diyarbəkirdə baş verən partlayışda polislər və dinc vətəndaşlar ölüb. Terror aktı minalanmış avtomobil vasitəsilə həyata keçirilib”, - Bozadağ Ankarada jurnalistlərə bildirib. Ölənlərin sayı dəqiqləşdirilmr.
11:40
Diyarbəkir şəhərinin vilayət administrasiyası polis idarəsinin yanında minalanmış avtomobilin partlayışını Türkiyədə qadağan edilmiş Kürdistan Fəhlə Partiyasının üzvlərinin törətdiyini hesab edir.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Türkiyə KİV-i daha öncə Türkiyənin cənubi-şərqində yerləşən Diyarbəkir şəhərində təhlükəsizlik idarəsinin binası yaxınlığında baş verən partlayış zamanı ən azı bir nəfərin öldüyü, 30 nəfərin isə xəsarət aldığı barədə məlumat yaymışdı.
“Noyabrın 4-də Diyarbəkirin əhalinin sıx yaşadığı Bağlar rayonunda saat 08:00-da polis idarəsinin yaxınlığında separatçı terror təşkilatının üzvləri minalanmış avtomobildən istifadə edərək partlayış törədiblər. Xəstəxanaya çatdırlan yaralılar var”, - şəhər vilayət administrasiyasının bəyanatında deyilir.
10:11
Türkiyənin cənubi-şərqində yerləşən Diyarbəkir şəhərində təhlükəsizlik idarəsinin binasının yaxınlığında baş verən partlayış zamanı ən azı bir nəfər ölüb, 30 nəfər isə xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
İlkin məlumata görə, minalanmış avtomobil partlayıb.
09:45
Türkiyənin Diyarbəkr vilayətinin Bağlar rayonunda polis idarəsinə silahlı hücum olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə APA yerli mətbuata istinadən məlumat verir.
Məlumata əsasən, Terrorla Mübarizə və Çevik Polis Alayının yerləşdiyi bina partladılıb.
Partlayışdan sonra bölgədə atışma başlayıb. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşını cəlb olunub. Hələlik ölən və ya yaralananların olub-olmadığına dair məlumat verilməyib.
İlkin ehtimala görə, partlayıcı qurğu yerləşdirilmiş avtomobil binanın girişində partladılıb.
N.О.