Luqanskda mərmi qəlpələri marşrut taksisinə dəyib. İki nəfər həlak olub. Səkkiz nəfər yaralanıb.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, “Ukrainskaya pravda”nın verdiyi məlumata görə, Ukrayna hakimiyyəti baş verənlərdə separatçıları günahlandırır. Bu ərəfədə Ukrayna hərbçiləri elan ediblər ki, Donesk və Luqanskı nəzarət altına almaq üçün bu şəhərlərdə olan yaraqlıları mühasirəyə alacaqlar.
Ordu Slavyansk, Kramatorsk, Konstantinovkanı, Drujovkanı və Artemovsku əldə saxlayır. Qorlovka, Luqansk və Donesk isə separatçıların əlindədir. Ukrayna hakimiyyəti bəyan edib ki, danışıqlar yalnız yaraqlıların tərk-silahından sonra aparıla bilər. Yaraqlılar isə danışıqlara yalnız öz şərtləri ilə hazır olduqlarını deyiblər. Separatçıların geri çəkildikləri Slavyanskdan silahlı qüvvələr böyük sayda silah və sursat əldə ediblər.
“Bunun rus silahı olduğu heç bir şübhə doğurmur. Bu silah Rusiyada istehsal edilib və münaqişəyə qədər bu silahlar Ukraynada deyildilər”- Ukraynanın müdafiə naziri Valeri Geletey bəyan edib.
Rusiya yenidən Ukraynadan atəşin və güc tətbiq edilməsinin dayandırılması lehinə çıxış edib. Bu barədə Rusiya Federasiyasının XİN rəhbəri Sergey Lavrov Sloveniyaya səfəri zamanı bəyan edib. Rusiya ATƏT-i Ukraynada humanitar vəziyyətin müzakirəsi üçün xüsusi iclas keçirməyə çağırıb.