"Serbiyada növbədənkənar parlament seçkisi keçiriləcək".
Oxu.Az "Srbija Danas" nəşrinə istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.
Onun sözlərinə görə, səsvermə parlamentin cari səlahiyyət müddəti başa çatmazdan əvvəl keçiriləcək.
Qeyd olunur ki, parlamentin səlahiyyət müddəti 2027-ci ilin dekabrında başa çatır. Seçkinin dəqiq tarixi daha sonra müəyyənləşdiriləcək.
"Ölkəmizdə əhəmiyyətli azlığı təmsil edən etirazçıların tələblərinə hörmətlə yanaşaraq, onlara güzəştə gedəcəyik və seçki vaxtından əvvəl keçiriləcək", - deyə Vuçiç vurğulayıb.
Xatırladaq ki, Serbiyada 2024-cü il noyabrın 1-də 16 nəfərin həlak olduğu Novi-Sad dəmiryol vağzalında tavanın uçması ilə bağlı kütləvi etiraz aksiyaları baş verib.
Etirazlar 2025-ci il ərzində də davam edib. May ayından etibarən əsas tələblərdən biri ölkədə vaxtından əvvəl parlament seçkisinin keçirilməsi olub.