Hörmüz boğazına nəzarət etmək nüvə silahına sahib olmaqdan daha mühüm nailiyyətdir.
Oxu.Az ISNA agentliyinə istinadən xəbər verir ki, bunu İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rezayi bəyan edib.
"Hörmüz boğazındakı strateji keçid onlarca atom bombasından daha vacibdir və İran onu müdafiə edəcək", - deyə o vurğulayıb. Müşavir qeyd edib ki, ABŞ və İsrail İranın "qırmızı xətlərini" keçiblər və buna "qətiyyətli və mütənasib cəza" ilə cavab vermək lazımdır.
Öz növbəsində İran Silahlı Qüvvələrinin nümayəndəsi, briqada generalı Məhəmməd Əkrəminiya hərbçilərin ölkənin Hörmüz boğazındakı mövqelərini qorumağa hazır olduqlarını bildirib. O izah edib ki, ABŞ Hörmüz boğazından keçən cənub marşrutuna leqal status vermək istəyir və Tehran bu yanaşmanı İranla ABŞ arasındakı memoranduma zidd hesab edir.
"Memorandumun şərtlərinə əsasən, boğazda gəmiçiliyin təhlükəsizliyini təmin etmək məsuliyyəti İranın üzərinə düşür. İslam Respublikası bu istiqamətdə Omanla birgə iş aparır", - deyə "Press" TV Əkrəminiyanın sözlərindən sitat gətirir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin himayəsi altında fəaliyyət göstərən Birləşmiş Dəniz Məlumat Mərkəzi (JMIC) bazar günü xəbər verib ki, Hörmüz boğazından keçən və Oman yaxınlığından uzanan cənub yolu gəmilər üçün hələ də açıqdır. Bununla belə, daha əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) digər ölkələrin bölgədəki vəziyyətə təsir etmək cəhdləri səbəbindən Hörmüz boğazı üzrə hərəkətin növbəti bildirişədək müvəqqəti dayandırıldığını elan etmişdi.