Yaponiyanın paytaxtı Tokioda yerləşən zooparkda müşahidə olunan kəskin istilər səbəbindən 16 aslandan üçü tələf olub.
Oxu.Az xəbər verir ki, bu barədə zooparkın mətbuat xidməti açıqlama yayıb.
Bildirilib ki, iyulun 18-də iki aslanda hərəkət zəifliyi və iştahasızlıq kimi ilk əlamətlər müşahidə olunub. Sonrakı günlərdə vəziyyəti pisləşən aslanların sayı 10-a çatıb. Bu səbəbdən iyulun 23-dən etibarən aslanların ziyarətçilərə nümayişi dayandırılıb.
Bəzi heyvanların vəziyyəti yaxşılaşsa da, iyulun 28-də üç yaşlı dişi aslan Mugi ölüb. Üç gün sonra 11 yaşlı dişi aslan İçiqo, avqustun 2-də isə 15 yaşlı dişi aslan Luena tələf olub.
Zooparkın açıqlamasında qeyd olunub ki, heyvanların dəqiq ölüm səbəbi laborator analizlərin nəticələrindən sonra müəyyən ediləcək. Lakin aparılan ilkin patoloji müayinə zamanı hər üç aslanda kəskin susuzlaşma və çoxsaylı orqan çatışmazlığı aşkarlanıb. Bu da onların istilik stresindən öldüyünü ehtimal etməyə əsas verir.
Hazırda daha üç aslanın vəziyyəti narahatlıq doğurur. Onlara dərman preparatları və maye terapiyası tətbiq olunur, həmçinin yataq yaralarının müalicəsi aparılır.
Digər dörd aslanın vəziyyəti stabilləşsə də, onlar hələ də baytar həkimlərin nəzarəti altındadır.
Hazırda Tokio zooparkında 13 aslan qalıb. Onlardan beşi erkək, səkkizi isə dişidir.
Qeyd edək ki, Yaponiyada iyulun ortalarından etibarən davam edən anomal istilər nəticəsində bəzi bölgələrdə havanın temperaturu 40 dərəcəni ötüb.