Yaponiyanın qanunverici orqanının aşağı palatası Nazirlər Kabineti tərəfindən imperator sülaləsi üçün irəli sürülən qanun layihəsini qəbul edib. Bu sənədin əsas məqsədi ölkədə yaranmış taxt-tac varisliyi böhranının qarşısını almaqdır.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, hazırkı imperator Naruhitonun yalnız üç qanuni varisi mövcuddur: onun 60 yaşlı qardaşı vəliəhd şahzadə Fumihito, 19 yaşlı qardaşı oğlu Hisahito və 90 yaşlı əmisi şahzadə Hitaçi. Məhz buna görə də son illərdə taxtın gələcək varisliyi məsələsi ciddi narahatlıqlar doğurur.
1947-ci il qanununa görə, taxt yalnız kişi xətti ilə ötürülür. Yeni layihədə iki əsas təklif var:
1. İmperator ailəsindən olan qadınlar sadə vətəndaşla evləndikdən sonra da statuslarını saxlasınlar;
2. 1947-ci ildə statusunu itirmiş 11 yan qoldan olan kişilər yenidən ailəyə qəbul edilsinlər.
Qadınlar istəsələr, evləndikdən sonra ailəni tərk edə biləcəklər. Lakin onların həyat yoldaşları və uşaqları ilə bağlı məsələ aydın deyil. Ailəyə qəbul olunacaq kişilərin ən azı 15 yaşı olmalıdır. Onların özləri taxta iddia edə bilməyəcək, amma oğulları varis ola biləcəklər.
Hazırda qanun layihəsi hakim koalisiyanın çoxluqda olmadığı yuxarı palataya göndəriləcək. Hökumət sənədi cari sessiya bitənə qədər - bir həftə ərzində qəbul etmək istəyir.