Yaponiyanın vizit kartına çevrilmiş kiçik formatlı gündəlik tələbat mağazaları (kombini) sənayesinin qurucusu kimi tanınan iş adamı Tosifumi Suzuki 94 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, məlumatı NHK telekanalı yayıb.
1970-ci illərdə ABŞ-nin "7-Eleven" şəbəkəsinin lisenziyasını əldə edən "Ito Yokado" şirkətinin rəhbəri Suzukinin təşəbbüsü ilə Yaponiyada ilk "kombini" fəaliyyətə başlayıb. Yaponiyada qida, içki, eləcə də geyim və dəftərxana ləvazimatlarına qədər geniş çeşiddə gündəlik məhsullar təklif edən obyektlər məhz belə adlanır.
Suzuki Yaponiyanın ölkə xaricində ən çox tanınan simvollarından birinə çevrilən "kombini" sektorunun banisi sayılır. "7-Eleven" şəbəkəsi hazırda Yaponiyada 21 mindən çox mağazanı özündə birləşdirir. Eyni formatda fəaliyyət göstərən rəqiblərin isə əlavə olaraq təxminən 30 minə yaxın satış nöqtəsi mövcuddur.