Yaponiyanın Qifu prefekturasının Motosu şəhərindəki şirniyyat mağazasında bıçaqlanma və yanğın hadisəsi baş verib. Nəticədə azı üç nəfər həlak olub.
Oxu.Az bu barədə "Jiji" agentliyinə istinadən xəbər verir.
Polisin məlumatına görə, insident zamanı mağazada 11 nəfər olub. Həmin vaxt obyekt ziyarətçilər üçün bağlı olub və şirniyyat sexinin əməkdaşlarının qapalı görüşü keçirilib.
Şahidlərin sözlərinə görə, tədbir iştirakçılarından biri digərinə bıçaqla xəsarət yetirib, daha sonra binaya benzin tökərək od vurub.
Şirniyyat mağazasının yerləşdiyi, ümumi sahəsi təxminən 300 kvadratmetr olan ikimərtəbəli bina tamamilə yanıb. Dağıntıların təmizlənməsi zamanı iki nəfərin meyiti aşkarlanıb.
Xəsarət alan üç nəfər xəstəxanaya çatdırılıb. Onlardan biri aldığı ağır yanıq xəsarətləri nəticəsində xəstəxanada dünyasını dəyişib.
Həlak olanlar arasında hücum edən şəxsin olub-olmadığı hələlik məlum deyil. Onun şəxsiyyəti və hadisəni törətmək motivləri də açıqlanmayıb.