Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
Yaponiyanın parlamenti 200 il ərzində ilk dəfə imperatora taxt-tacdan imtina etməyə icazə verdi
Yaponiya parlamentinin yuxarı palatası 83 yaşlı imperator Akixitonun taxt-tacdan imtina etməsi üçün xüsusi qanun layihəsini təsdiqləyib. Parlament son 200 il ərzində ilk dəfədir ki, bu qəbildən olan qərar qəbul edir.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Taxt-tacdan imtina qanun rəsmi dərc edildikdən sonra üç il müddətində istənilən an baş verə bilər.
Daha sonra hakimiyyət Akixitonun böyük oğlu şahzadə Naruxitoya keçəcək, özü isə əsas imtiyazlarını qoruyub saxlayacaq.
Yaponiyanın baş naziri Sindzo Abe qanunun qəbul edilməsini ölkə tarixində vacib məqam adlandırıb.
Yapon KİV-i qeyd edir ki, taxt-tacdan imtina çox güman ki, Akixitonun hakimiyyətinin 30 illiyinin sonunda, yəni 2018-ci ilin dekabr ayında baş verəcək.
İmperator Akixito taxta atası imperator Hiroxitonun ölümündən sonra - 1989-cu ildə çıxıb. Son illərdə o, ürəyindən əməliyyat edilib və prostat xərçəngindən müalicə alıb.
Avqustda xalqa müraciətində o, yaşı ilə əlaqədar məhdudiyyətlər hiss etdiyini, buna görə də imperatorun rolu və vəzifələri haqqında düşündüyünü bildirib.
Qanun imperatora siyasət məsələləri üzrə fikir söyləməyi qadağan edir, ona görə də Akixito taxt-tacdan imtina etmək istədiyini birbaşa deyə bilməyib.
Son dəfə yapon imperatoru taxt-tacdan 1817-ci ildə imtina etmişdi.
S.S.
www.oxu.az