"Yaxın Şərqdəki müharibə qlobal gübrə və enerji təchizatı zəncirlərini pozaraq, ərzaq qiymətlərinin yüksəlməsinə səbəb ola bilər".
Oxu.Az "Financial Times" nəşrinə istinadla xəbər verir ki, bunu dünyanın ən böyük gübrə şirkətlərindən biri olan "Yara"nın icraçı direktoru Sveyn Tore Holseter deyib.
Norveç şirkətinin rəhbəri bildirib ki, gübrə istehsalçıları və onların müştəriləri dünyadakı karbamidin 40%-nin və mayeləşdirilmiş təbii qazın 20%-nin keçdiyi Hörmüz boğazı ətrafındakı riskləri yaxından izləyirlər.
"Son iki həftədə gübrə bazarları son dərəcə dəyişkən olub, bu, hər şeyin bir-biri ilə necə əlaqəli olduğunu göstərir. İsraildə qaz yataqlarının bu yaxınlarda bağlanması Misirdə gübrə istehsalını pozdu, bu da regional gərginliyin tədarük zəncirlərinə nə qədər tez təsir göstərə biləcəyinin əlamətidir", - deyə o əlavə edib.
Holseter bildirib ki, enerji qiymətləri uzun müddət yüksək qalsa, bu, 2021-ci və 2022-ci ildə Ukraynada müharibənin başlaması zamanı baş verdiyi kimi, ərzaq sisteminə də təsir edəcək.