Husilərin tanınmış simalarından olan əl-Əssar Qəhbub istiqamətində altı mühafizəçisi ilə birgə öldürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Yəmənin informasiya nazirinin müavini Əbdülbasit əl-Qaidi "X" sosial şəbəkəsində etdiyi açıqlamada bildirib. Husi rəhbərinin ölüm səbəbləri və detalları barədə əlavə məlumat təqdim edilməyib.
Hökumət qüvvələrinə tabe olan Əmaliqə Qüvvələrinin media mərkəzinin rəhbəri Asil əs-Səqlədi də "X" platformasında hadisəni təsdiqləyib.
"Özünü general-mayor adlandıran əl-Əssar ötən gün Qəhbub cəbhəsində məhv edilib", - deyə o bildirib.
Əs-Səqlədinin sözlərinə görə, əl-Əssar Yəmənin mərkəzi hissəsində yerləşən İbb vilayətində husilərin əsas nümayəndələrindən biri olub. O, bundan əvvəl qruplaşmanın sıralarına yeni döyüşçülərin cəlb olunması prosesinə rəhbərlik edib.
Husi qruplaşması məsələ ilə bağlı rəsmi bəyanat yaymayıb. Buna baxmayaraq, onlara yaxınlığı ilə seçilən fəallar əl-Əssarın ölüm xəbərini paylaşaraq onu "cihadçı komandir" adlandırıblar. Həmçinin onun "Birinci Muğavirlər Briqadası"na rəhbərlik etdiyi və general-mayor rütbəsi daşıdığı vurğulanıb.
Fəallar da ölüm hadisəsinin təfərrüatı haqqında heç bir məlumat yaymayıblar.
Yerli kütləvi informasiya vasitələrinin məlumatına əsasən, Babəlməndəb boğazına nəzarət edən, dağlıq ərazilərdən ibarət Qəhbub cəbhəsində son günlər hökumət qüvvələri ilə husilər arasında gərgin döyüşlər gedir.
