"Ukrayna müharibənin başa çatdırılması üzrə diplomatik prosesi bərpa etmək üçün sentyabr və oktyabr aylarından istifadə etməyi planlaşdırır. Cari ayın sonlarında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyası ABŞ ilə yeni danışıqlar üçün məkana çevrilə bilər".
Oxu.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Axios"a verdiyi müsahibədə bəyan edib.
Onun fikrincə, Prezident Tramp soyuq qış düşməzdən əvvəl danışıqlar prosesinə real olaraq başlamağın yolunu tapa bilər.
Zelenskinin sözlərinə görə, ABŞ, Ukrayna və Rusiyanın iştirakı ilə daha bir üçtərəfli danışıqlar raundunun keçirilməsi ehtimalı da istisna olunmur, hərçənd bu məsələ ilə bağlı hələlik yekun qərar qəbul edilməyib.
Ukrayna lideri qeyd edib ki, amerikalı elçilərdən aldığı siqnal "rusiyalıların danışıqlar aparmağa hazır olduğu" mesajından ibarətdir. Eyni zamanda, o, şübhə ilə yanaşmaqda davam edir, çünki Rusiyanın döyüş meydanındakı hərəkətləri və son zamanlar hücumları intensivləşdirməsi güzəştə getməyə hazır olduğunu göstərmir. Buna baxmayaraq, amerikalı elçilərin səfərindən sonra vəziyyətə dair əldə etdiyi anlayışa əsasən, Putin danışıqlar prosesinin irəlilədilməsi ilə bağlı ideyaları "müzakirə etməyə hazırdır".
Qeyd edək ki, sentyabrın 5-də ABŞ prezidentinin xüsusi elçiləri Stiven Uitkoff və Cared Kuşner Rusiya paytaxtı Moskvaya səfər ediblər və orada Prezident Vladimir Putinlə danışıqlar aparıblar.
Xatırladaq ki, Ukraynadakı münaqişənin həlli yollarını müzakirə etmək məqsədilə Uitkoff və Kuşner sentyabrın 6-da Ukraynanın paytaxtına səfər ediblər. Səfər çərçivəsində onların Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü baş tutub.