Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan balı dünyada 150 dollardan satılır - MÜSAHİBƏ
Ölkə prezidenti arıçılığın inkişafının stimullaşdırılması üçün sərəncam imzalayıb. Sərəncama görə, arıçılara dəstək kimi dövlət büdcəsindən subsidiya ayrılması qərara alınıb.
Sərəncam və ümumiyyətlə, Azərbaycanda arıçılığın inkişaf potensialı ilə bağlı Oxu.Az-ın suallarının Azərbaycan Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov cavablandırıb.
- Bədrəddin müəllim, məlum olduğu kimi, hər bir arı ailəsinə 10 manat həcmində subsidiya ayrıldı. Bu məbləğ arıçının xərclərini nə qədər qarşılayır?
- Subsidiyalaşmanı hələ iki il əvvəl bizim assosiasiya təklif etmişdi. Bir ildə bir arı ailəsinə çəkilən xərcləri 80-90 manat dəyərində hesablamışdıq. Təklif etmişdik ki, hər arı ailəsinə il ərzində 40 manat həcmində subsidiya verilsin. Biz təşəkkür edirik ki, ölkə rəhbərliyi buna qarşılıq verdi və hər arı ailəsinə 10 manatdan subsidiya verilməsi nəzərə alındı. Bu subsidiya üç il müddətinə ayrılacaq və 2022-ci ilə qədər davam edəcək. Amma başlanğıc proses bir qədər çətin olacaq, çünki hər arı ailəsi xüsusi kodlaşdırılacaq.
- Belə başa düşdüm ki, 10 manat xərclərin səkkizdə biridir...
- Düzdür, bu vəsait bizim xərclərimizi ödəməsə də, müəyyən qədər kömək olacaq. Əsas odur ki, dövlət bizə bir manat da versə, bunu qayğı kimi qəbul edirik. Azərbaycanda təxminən 300 min arı ailəsi var, bu isə üç milyon manat pul deməkdir. Hesab edirəm ki, bu vəsait Azərbaycan arıçı ailəsinə gedəcək. Yəni, bunu hər arıçının cibinə deyil, ümumilikdə arı ailəsinə gələn pul sayıram. Ona görə də üç milyon manatın bu sektorun dirçəlməsinə müəyyən qədər təsiri olacaq.
Subsidiyanın verilməsinin daha bir üstün tərəfi odur ki, arı ailələrinin dəqiq qeydiyyatı aparılacaq. Hazırda bu sahədə fərqli rəqəmlər var və düşünürəm ki, identifikasiya kodlarının verilməsi vəziyyəti daha real qiymətləndirməyə imkan yaradacaq.
- Qeydiyyat necə olacaq?
- Bütün pətəklərin üzərinə xüsusi barkodlar vurulacaq. Bundan sonra qeydiyyatda şübhəli bir məqam qalmayacaq. Bu il qeydiyyata alınmanın bir qədər yubanacağını demək olar. Gələn ildən isə aprelin 1-dən qeydiyyat başlayacaq.
- Ən çox arı ailəsi hansı bölgədədir?
- Arı ailələri daha çox cənub bölgəsindədir. İkinci yerdə şimal-qərb bölgəsi, yəni Şəki-Zaqatala dayanır. Naxçıvan və qərb regionu isə sonrakı yerləri tutur.
- Elə sahələr var ki, onun inkişafı üçün real potensial yoxdur, yəni həmin məhsulları elə idxal etmək daha sərfəlidir. Arıçılıq necə?
- Baxın, Cənubi Qafqaz florasının 61 faizi Azərbaycandadır. Qalan 40 faizi erməni və gürcülərə düşür. Buna baxmayaraq, biz Gürcüstandan daha az bal istehsal edirik. Üç min ton bal istehsal edirik, amma beş min ton bal yeyirik. Deməli, biz iki min ton idxal edirik. Baxmayaraq ki, bizim təbiətimiz, ekologiyamız, relyefimiz daha yaxşıdır. Azərbaycanda doqquz iqlim tipi var, bitki örtüyü çox zəngindir, günəşdəndoyma saatları uzundur.
Bizim bal idxal etməyə haqqımız yoxdur, əksinə, xaricə bal satmalıyıq. Azərbaycan bal üçün perspektivli bir ölkədir. Sovetlər dönəmində ölkəmizdə 15 min ton bal istehsal olunub.
- Keyfiyyət parametrləri necədir?
- Azərbaycan məhsulları dünyada “niç ballar” siyahısındadır. Bizdə müxtəlif bitkilərdən olan ballar, “vəhşi ballar” daha çoxdur. Belə balların qiyməti dünyada minimum 150 dollardan başlayır.
- Siz yarmarkada balın 20-25 manata satılacağını dediniz. Bu nə qədər ədalətli qiymətdir?
- Bal bu il qıtdır. Amma hər bir məhsul maya dəyəri ilə hesablanır. Normal şəraitdə balın 1 kiloqramını 6-8 manata istehsal edə bilirik. Builki çətinlikləri nəzərə alaraq, balın 1 kiloqramını 12 manata istehsal etmiş olsaq belə, 20-25 manat normal satış qiymətidir. Bu, ikiqat qazancdır.
"Zaqatala" teqi üzrə xəbərlər
- Nurulla Siracov arzusuna çatdı - Həyat yoldaşı sağ tapılıb
- Qəzaya uğrayan təyyarədə həlak olanlardan altısı Zaqataladandır
- Küçədə arvadını döydü, qonşusunu bıçaqladı
- Zaqatalada məktəb PROBLEMİ: Şagirdlərin qarşısına İLANLAR ÇIXIR
- Eyni evdən iki itki: Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı HƏLAK OLDU