Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
MDB məkanında yeganə quyu: SOCAR tədqiqat işlərini necə aparır? - REPORTAJ + FOTO
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya İdarəsinin “Mədəngeofizika” İstehsalat Bölümünün ərazisində 2007-ci ildə 252 metr dərinlikdə qazılan və təyinatı, əsasən, cihazların yoxlanılması, metroloji parametrlərinin tənzimlənməsi funksiyalarını icra edən təcrübə sınaq quyusu fəaliyyət göstərir.
Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında neft-qaz hasilatı aparılan respublikaların çoxunda bu tip sınaq quyuları olsa da, 252 metr dərinlikdə və bütün imitatorlarla təmin olunmuş yeganə quyu bizim ölkədə, GGİ-nin “Mədəngeofizika” İstehsal Bölümünün ərazisində yerləşir.
Ümumiyyətlə, müəssisədə cihazların dövri və işdən öncə yoxlanılması mütləq şəkildə əvvəlcə bu quyuda aparılır, metroloji parametrlərinin nominal qiymətlər çərçivəsində olduğuna əmin olduqdan sonra sahələrə göndərilir.
Uyğunsuzluq olan hallarda cihazlar İstehsalata Xidmət Bazasına göndərilərək qüsurlar müəyyənləşdirilir, müvafiq təmir strategiyası və səviyyələrinə uyğun cihazlara texniki qulluq edilir.
Oxu.Az-ın əməkdaşları təcrübə sınaq quyusu və neft-qaz yataqlarında kompleks mədən-geofiziki tədqiqat işləri, qazmaya geoloji-texnoloji nəzarət, qazma vaxtı ölçü və karotaj, eləcə də, perforasiya-atma işlərinin yerinə yetirilməsi barədə ətraflı məlumat almaq üçün SOCAR-ın Geofizika və Geologiya İdarəsinin “Mədəngeofizika” İstehsalat Bölümündə olublar.
Öncə idarənin əməkdaşları tərəfindən ziyarətçilər üçün giriş təlimatı keçirilir. Bu zaman idarədə həyəcan siqnalı verilərsə, təxliyə planına uyğun toplanış məntəqəsi, qoruyucu vasitələrdən istifadə qaydası, qırmızı zona və sair barədə məlumat aldıqdan sonra idarəyə daxil oluruq.
Geofizika və Geologiya İdarəsi rəisinin geofizika və geologiya üzrə müavini Akif Əhmədov deyir ki, təcrübə sınaq quyusu “Mədəngeofizika” İB-nin istehsalat sahəsində yerləşir və bu quyuda kəsiliş boyu müxtəlif fiziki parametrlərə malik imitatorlar yerləşdirilib.
O bildirir ki, mühəndis-geofiziklər quru və ya dənizdə hansısa sifarişlər əsasında quyuda tədqiqat işlərinə getməyə hazırlaşırlarsa, əvvəlcə müvafiq cihazlarla ölçü işləri bu quyuda aparılır, məlumatlar “las” və “pdf” formatda mədən-geofiziki materialların emalı və interpretasiyası ekspedisiyasına göndərilir:
“Məqsəd etalon fiziki parametrlərə malik imitatorlar qarşısında cihazlardan alınan məlumatların dəqiqliyi, keyfiyyəti və metroloji parametrlərin düzgünlüyünə əmin olmaqdır. MGMEİE və istehsalata xidmət bazasının mütəxəssisləri cihazlarla alınmış məlumatlara dair müsbət rəy verərlərsə, bu zaman cihazlar tədqiqat üçün yararlı hesab oluna bilər”.
A.Əhmədovun sözlərinə görə, neft sənayesinin əsas aparıcı sahələrində, istər yeni yataqların axtarışı və kəşfiyyatında, istərsə də mövcud yataqların işlənməsində əsas geoloji-hidrodinamiki informasiya bazası məhz geofiziki tədqiqatlar vasitəsilə yaradılır:
“Geofiziki tədqiqatların əsas məqsədi neftli-qazlı rayonların dərinlik geoloji quruluşunun öyrənilməsindən, müxtəlif tipli strukturların kəşfiyyat qazması üçün hazırlanmasından, qazmaya geoloji-texnoloji nəzarətdən, ehtiyatların hesablanma parametrlərinin müəyyənləşdirilməsindən, neftli-qazlı obyektlərin perforasiyasından, yataqların işlənməsinə geofiziki nəzarətdən, müxtəlif təyinatlı mühəndis-geoloji tədqiqatların aparılmasından ibarətdir.
2023-cü ilin səkkiz ayı ərzində bölüm tərəfindən qazmada və istismarda olan neft-qaz quyularında quyu geofiziki tədqiqat, yataqların işlənməsinə geofiziki üsullarla nəzarət, perforasiya-atma, geoloji-texnoloji nəzarət və qaz-karotaj, qazma vaxtı karotaj işləri SOCAR-ın idarə və təşkilatlarının - “Azneft” İstehsalat Birliyi, “Kompleks Qazma İşləri” tresti, Azərbaycanda fəaliyyət göstərən birgə müəssisə və əməliyyat şirkətlərinin sifarişlərinə əsasən, dənizdə 12 sahədə - Bulla-dəniz, Günəşli, Neft Daşları, Pirallahı, Darvin Bankəsi, Qərbi Abşeron və sair, quruda isə 30 sahədə - Sədan, Zağlı Zeyvə, Qalmaz, Lökbatan, Puta, Buzovna-Maştağa, Qaradağ, Qala, Hövsan, Balaxanı, Suraxanı, Ramana, Binəqədi, Kürovdağ, Neftçala və digər yerlərdə yerinə yetirilib”.
Həmsöhbətim deyir ki, yerinə yetirilmiş sifarişlərin sayı 4 995-dən çox olub:
“Hesabat dövründə 29-a yaxın quyuda qazmaya geoloji-texnoloji nəzarət və qaz-karotaj işləri, eləcə də 38 quyuda qazma vaxtı ölçü və karotaj işləri yerinə yetirilib. Görülən mədən-geofiziki tədbirlər nominal yüksək təzyiqə malik yataqlar daxil olmaqla həm dəniz, həm də quru yataqlarını əhatə edir.
Yataqların işlənməsinə geofiziki üsullarla nəzarət məqsədilə müxtəlif sahələrdə sifariş əsasında 30 quyuda İNNK (impuls-neytron-neytron karotaj) işləri aparılıb. “Mədəngeofizika” İB tərəfindən respublikada neft-qaz fəaliyyəti göstərən 14-dən çox əməliyyat şirkətinin sifarişi yerinə yetirilir və quyularda kompleks tədqiqat işləri həyata keçirilir.
Bugünkü rəqəmlərə görə, 2023-cü ilin indiyədək olan dövrü ərzində aparılmış quyu geofiziki tədqiqat işləri nəticəsində 2 255-dən çox layın sənaye əhəmiyyətli neftli-qazlılığı müəyyən edilib və 709 quyuda perforasiya işləri yerinə yetirilib. Bizim təcrübəli və yüksəkixtisaslı mütəxəssislərimiz var və quyuları tədqiq edən zaman ilk növbədə qarşımızda duran əsas vəzifə layların məhsuldarlığını müəyyən etməkdir.
Əməkdaşlarımızın qiymətləndirdiyi laylar 95-98 faiz özünü doğruldur. Bu, Azərbaycanda fəaliyyət göstərən bəzi xarici şirkətlərin göstəricilərini üstələyir. Təcrübəli əməkdaşlarla yanaşı, yataqlar üzrə məlumat bazasının geniş olması yataqlar üzrə alınan məlumatların əlaqəli təhlili, verilən rəylərin dəqiqlik əmsalını bir qədər də artırmış olur.
Hazırda Azərbaycan neft sənayesinin inkişafında mühüm rol oynayan geofiziki tədqiqat işlərinin dünyanın aparıcı servis şirkətləri ilə rəqabət apara biləcək səviyyəyə çatdırılması və yüksək nailiyyətlər əldə edilməsi üçün əlverişli zəmin yaranıb. Son illərdə “Mədəngeofizika” İB maddi-texniki bazası əsaslı dərəcədə yenilənib, istehsalata yüksək texniki göstəricilərə malik PLT, RBT, MFC, MTD, GYRO, SNT, DEC, WARRIOR və digər bu tipli cihaz və avadanlıqlar daxil edilib. Əməkdaşlar yeni yataqların axtarışı və kəşfi, eləcə də aşkar olunmuş yataqların işlənməsi istiqamətində fədakarlıqla çalışırlar”.
A.Əhmədov əlavə edir ki, perforasiya işləri üçün yerinə yetirilən partlayış-atma işlərinin keyfiyyətini daha da artırmaq məqsədilə maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində işlər görülüb, təmsil etdiyi qurum respublikada minimum 40 mm-dən maksimum 114 mm-lik diapazonda partlayış-atma işlərini yerinə yetirə bilən yeganə təşkilatdır:
“Minimal diametrli perforatorlar xüsusi sifariş əsasında hazırlanıb və istifadəmizə daxil edilib. Hazırda yüksəktəzyiqli Bulla-dəniz yatağında istifadəmizdə olan perforatorlar uğurla tətbiq edilməkdədir”.
Bütün bunlarla yanaşı, Geofizika və Geologiya İdarəsində xarici ölkələrdə mədən-geofizika və kəşfiyyat-geofizika sahələrində tenderdə iştirak etmək üçün işlər aparılır. Bu yaxında idarənin mütəxəssisləri Özbəkistandan qayıdıblar.
Özbəkistanlı mütəxəssislərlə təcrübə mübadiləsi aparılıb, onlara tədqiqat işlərində köməklik edilib, gələcək əməkdaşlıqların məqsədləri müəyyənləşdirilib.
“bp” şirkəti ilə birgə tədqiqatların aparılması üzrə üçillik müqavilə imzalanıb və işçi qrup yaradılıb. Eyni zamanda, Qobustan sahəsində aparılması planlaşdırılan pilot 2D regional seysmik tədqiqat işləri üçün hazırlıq işlərinə başlanılıb.
Geofizika və Geologiya İdarəsi tərəfindən aparılan bütün işlərdə ətraf mühitin mühafizəsi məsələlərinə üstünlük verilib və işlərin beynəlxalq standartların, konvensiyaların norma və qaydalarının, Azərbaycan Respublikasının qanunlarının və SOCAR-ın daxili normativ sənədlərinin tələblərinə uyğun təşkil olunması təmin edilib.
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət
Rəylər