Bu gün dünya əmək bazarında köklü transformasiyalar baş verir. Bir tərəfdən, texnoloji inqilaba uyğun yeni peşələr yaranır, digər tərəfdən isə bir çox ənənəvi peşələr, demək olar ki, bazardan çıxır. Təxmin etmək çətindir - texnologiyanın bugünkü inkişafı və süni zəkanın yaradılması əmək bazarında daha çox işsizliyə səbəb olur, yoxsa bazarın tələbi səviyyəsində yeni peşələr yaranır?
Fikirlər təzadlıdır. Bu istiqamətdə aparılan bəzi araşdırmalarda yeni yaranan peşələrin azalan peşələrlə müqayisədə 10-15% çox olduğu göstərilir, bəziləri isə hesab edirlər ki, peşəkar işçi çatışmazlığının dünya qlobal iqtisadiyyatına vurduğu zərərin həcmi trilyon dollarlarla ölçülür.
Bəs bizdə bugünkü əmək bazarı necə formalaşır? Əmək bazarında ali təhsil diplomunu əlinə alan hər bir tələbənin özünə yer tapması üçün şərait varmı? İxtisaslara qəbul aparılmazdan əvvəl əmək bazarının tələbləri araşdırılırmı? Bu və digər məsələlər ətrafında Oxu.Az-ın suallarını Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin baş mütəxəssisi Adil Vəliyev cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Adil müəllim, necə düşünürsünüz, müasir əmək bazarında peşələrin sayı azalır, yoxsa artır?
- Müasir əmək bazarında peşələrin sayı azalır, amma bir o qədər də genişlənir. Məsələn, əvvəl bir zavodda 100 nəfər işçi tələb olunurdusa, hazırda eyni işi icra edəcək yeni texnikalar var və bu qədər işçiyə ehtiyac yoxdur. Eyni zamanda, həmin texnikaları idarə etmək üçün müasir düşüncəli və bacarıqlı gənclər tələb olunur.
- Təhsil strategiyamız mövcud əmək bazarının tələblərinə cavab verirmi?
- Hazırda bizim təhsil strategiyamız deyəndə, ali təhsildən söhbət gedirsə, universiteti bitirdikdən sonra məzunlarımız iş tapmaqda çətinlik çəkirlər. Burada, əlbəttə ki, məzunların da səhvləri olmamış deyil. Məsələn, dəfələrlə olur ki, tələbələrimizə və məzunlarımıza təklif edirik ki, gəlin CV hazırlamaq üzrə təlimlər keçirilsin. Çünki CV işə girmək istəyən bir vətəndaşın görünən üzüdür. Yəni işəgötürən əvvəlcə CV-yə baxır - əgər onun ilkin məlumatları işə qəbul üçün xoş təəssürat yarada bilirsə, o zaman dəvət edir. Amma təəssüf ki, nə tələbələrimiz, nə məzunlarımız məsələyə heç də isti yanaşmırlar. Sonra isə şikayətlənirlər ki, “CV göndəririk, baxan yoxdur”. Elə olanda izah etməyə çalışırıq ki, təqdim etdiyiniz CV-yə ona görə baxmırlar ki, onu düzgün tərtib etmirsiniz. Düzgün təqdimat olmayanda seçim də olmaya bilir.
- Ənənəvi və yeni yaranan peşələr məsələsində, necə düşünürsünüz, abituriyentlərimiz yeni ixtisasların seçilməsinə nə dərəcədə hazırdırlar? Nəzərə alsaq ki, bizdə ixtisas seçimi məsələsində uşağın özündən daha çox, valideynləri rol oynayırlar.
- Bu, ixtisas seçimində ən çox rastlaşdığım problemlərdən biridir. Valideyn və övladı ixtisas seçiminə gəlirlər, sual verirsən ki, topladığın bal müqabilində fikrində hansı universitet, hansı ixtisas var? Bu vaxt valideyn uşaqdan əvvəl cavab verir ki, mən istəyirəm, filan universitet, filan fakültə olsun. Qayıdıb uşaqdan soruşanda ki “bəs sənin fikrin nədir?” - deyir, “Bilmirəm, məsələn, filan universitetlər ola bilər”. İzah etməyə çalışıram ki, universitetdən əvvəl ixtisası seçmək lazımdır. Hansı ixtisasda təhsil almaq istəyirsən, özün əvvəlcədən bir araşdırma etməlisən, qərar verməlisən, yalnız ondan sonra seçdiyin ixtisasa uyğun universitet seçimi etməlisən. Valideynlərin ixtisas seçiminə təsiri böyükdür. Baxırsan, valideyn deyir, uşaqlıqda həkim olmaq istəyirdim, özüm ola bilmədim, istəyirəm, övladım olsun.
Bu gün dünya əmək bazarında köklü transformasiyalar baş verir. Bir tərəfdən, texnoloji inqilaba uyğun yeni peşələr yaranır, digər tərəfdən isə bir çox ənənəvi p...
- Zirvədə olan universitetlər barədə məlumatlarla tanış olanda görürük ki, hər hansı bir ixtisasa qəbul elan edilməmişdən əvvəl həmin ixtisasın əmək bazarındakı yeri ciddi şəkildə araşdırılır. Bizdə vəziyyət necədir?
- Bu məsələdə universitetlər sanki plan yerlərini doldurmağa fokuslanıb. Reallıq budur. Yəni ancaq ənənəvi ixtisaslarda olan plan yerlərini artırmağa çalışırlar. Yaxud belə bir halla da rastlaşırıq: görürük ki, məsələn, qida mühəndisliyi ixtisası şərti olaraq yalnız “A” universitetində var. Bu ixtisasa ayrılan yerlər də həmişə dolur, o ixtisasa tələbat da var, keçid balı da aşağıdır, digər universitetlər də baxır və deyir: “qoy biz də bu ixtisası açaq”. İxtisası açanda isə nəzərə almırlar ki, bu ixtisasda dərs deyə biləcək müəllimim varmı, mütəxəssisim varmı? Ümumiyyətlə, Azərbaycanda neçə qida mütəxəssisi var? Bu da o deməkdir ki, əmək bazarı bizdə, təəssüf ki, araşdırılmır. Araşdırılmadığı üçün də yeni ixtisaslar açılmır. Ona görə də mövcud ixtisasların bir çoxu hazırkı əmək bazarına uyğunlaşmır. Məsələn, süni intellekt, data-analitikanı götürək. Biz hələ yeni-yeni düşünməyə başlamışıq ki, bu ixtisasları dərsliyə necə sala bilərik ki, uşaqlar öyrənsinlər?
- Sizcə, bugünkü əmək bazarı mövcud peşələrə uyğunlaşmalıdır, yoxsa əksinə?
- Burada məsələ belədir - əslində, əmək bazarı biz iş axtaranda tapa biləcəyimiz bir bazar olmalıdır. Düşünürəm ki, peşələr əmək bazarına uyğunlaşsa, biz həm inkişaf əldə edərik, həm ixtisaslarımız inkişaf edər, həm də əmək bazarımız istədiyimiz səviyyəyə gəlib çata bilər. Daha bir misal deyim: Bizdə mexanika və sənaye mühəndisliyində təhsil alan məzunlarımız hətta dördüncü kursda belə, işsiz olmurlar. Böyük şirkətlər dəfələrlə müraciət edirlər ki, sənaye mühəndisliyi üzrə məzun lazımdır, inanın, biz məzun tapa bilmirik. Demək, bu ixtisasa ehtiyac var. Niyə ehtiyac var? Çünki oturduğumuz stuldan tutmuş yediyimiz yeməyin qabına kimi hər şey sənaye mühəndisliyinin məhsuludur.
- Məsələyə texniki və humanitar elmlər çərçivəsindən baxsaq, sizə elə gəlmirmi ki, gələcək texniki elmlərə doğru gedir? Yəni bu gün, humanitar fakültələrin çoxluğu qarşıdakı illərdə əmək bazarındakı boşluğun yaranmasına xidmət etməyəcəkmi?
- Düşünürəm ki, gələcəkdə texniki format, texniki ixtisaslar daha çox üstünlük təşkil edəcək, humanitar ixtisaslar yavaş-yavaş sıradan çıxır. Bu gün bu fikirlə razılaşmayanlar da var. Hər nə qədər bəzi pedaqoqlarımız düşünsələr də ki, humanitar fənlər öz qüvvəsini saxlayacaq, mən bu fikirlə qətiyyən razı deyiləm. Çox sadə bir izah verim: hazırda süni intellekt vasitəsilə yaranan durum göstərir ki, yaxın vaxtlarda tərcümə ixtisasına ehtiyac olmayacaq. Hətta yeni nəsil telefonlarda elə funksiya var ki, sən hansı dilin nümayəndəsi ilə danışmağından asılı olmayaraq, o, sənin nitqini o dilə çevirir, həmin dildəki nitqi isə sənin dilində eşitməyə imkan yaradır.
- Müasir dövrün əsas TOP-5 ixtisasının adını çəkin desəm, hansıları seçərdiniz? Yaxın 10 ili nəzərdə tuturam.
- Düşünürəm ki, bu, ilk növbədə, İT sahəsindəki ixtisaslar olar, həkimlik hər zaman lazım olan ixtisasdır. Digər ixtisasları 10 il üçün demək olmur, çünki elələri var ki, onlar hətta bir il ərzində dəyişir. Ona görə də tam olaraq TOP-5 deyə biləcəyim bir siyahı yoxdur. İstənilən halda, əsas ixtisaslar data-analitika və süni intellektə aid ixtisaslar olacaq.
- Bəs müəllimlər? Düşünürsünüz ki, müəllimləri süni intellekt əvəz edə bilər?
- Xeyr, müəllimi əvəz edə bilməz. Müəllim hər zaman ehtiyac duyulan bir ixtisasdır. Amma burada da ixtisas ön plana keçir, baxır, hansı ixtisasdan olan müəllim. Yəni əlli il əvvəl də bizim riyaziyyat müəlliminə ehtiyacımız var idi, bu gün də var, əlli il sonra da olacaq. Amma bunu bütün ixtisaslara şamil etmək olmur axı.
- Adil müəllim, bu gün bir çox insanlar ixtisaslarına uyğun iş, bir çox sahibkarlar isə mövcud vakansiyalara ixtisaslı işçi tapa bilmədiklərindən şikayət edirlər. Onlar niyə qovuşa bilmirlər?
- Biz onları birləşdirmək üçün tələbələrlə iş adamlarını görüşdürürük, amma bu, bəs eləmir. Çünki indiki gənclikdə bir tənbəllik var. Onlar düşünürlər ki, oturduğum yerdə necə rahat pul qazana bilərəm? Ancaq bizim dövrümüzdə belə deyildi. Biz “səndən hərəkət, məndən bərəkət” misalını rəhbər tuturduq. Hərəkət etməsək, pul qazana bilmərik. İndi isə elə deyil. Təsəvvür edin, məzunlar üçün vakansiyalar paylaşırıq, haradasa 800 manatlıq maaşlıq vakansiya olanda, baxmayaraq ki, adam altı aydır işsizdir, vakansiyanı geri çevirir, bildirir ki, min manatdan aşağı vakansiyaya müraciət etmək istəmirəm, min manatdan aşağı maaşlı bildirişlər mənə gəlməsin. Tənbəl, fərqli fikirlərlə və kəsə yolla uğura çatmaq istəyən bir gənclik yetişir. Şirkət sahiblərinə gəldikdə isə, “lazım olan işçini tapa bilmirəm” deyən bir çox şirkət sahibləri də düşünürlər ki, az maaşla işçi qəbul etsinlər, daha çox qazansınlar. İşçinin maaşı isə stabil olaraq qalsın. İndiki gənclik də, təbii ki, bunu qəbul etmir və əsas anlaşılmazlıq da burada yaranır. Müasir gənclik istəyir ki, rahat işi, yüksək maaşı olsun, şirkət sahibləri isə istəyirlər ki, yaxşı işçilər olsun, onlardan maksimum yararlana bilsinlər, səhər 9-dan axşam 6-ya kimi iş rejimi tətbiq etsinlər, amma maaş tələbi öz istədiyini keçməsin.
- Süni intellekt əmək bazarımızı hansı səmtə çəkə bilər?
- Azərbaycan bazarı üçün onu deyə bilərəm ki, biz dünyanı, ən yaxşı halda, on il geridən izləyirik. Yəni süni intellektin əmək bazarımıza təsirinə rahat on il vaxtımız var. Bu müddətdə biz özümüzü hazırlamalıyıq ki, onu qəbul etməyə başlayaq. Süni intellekti biz, əsasən, harada görürük? Görürük ki, texnologiya sahəsində müəyyən dəyişikliklər olur və bu dəyişiklikləri, əsasən, məsələn, sosial şəbəkədə görürük, elektron satış saytlarında görürük. Bu dəyişikliklərin hamısı işdən çıxarılmağa yox, həmin işçinin şəxsi inkişafına ayıracaq vaxtının kifayət qədər olmasına gətirib çıxarır. İnsan özünü o qədər inkişaf etdirir ki, artıq süni intellektin ona ehtiyacı olur. İnsan faktoru çox önəmlidir - sən hansısa proqramı yaratmalısan ki, süni intellekt onu tətbiq edə bilsin. Yəni yaradıcı istənilən halda insandır. Biz düşünməməliyik ki, yaratdığımız hər hansı bir məhsul bizdən daha güclü ola bilər. Xeyr. Hər zaman o məhsulun bizə ehtiyacı var. Sadəcə, aradakı ehtiyacı özümüzə bağlamalıyıq ki, işimiz hər zaman əlimizdə qalsın, işin bizə ehtiyacı olsun.
- Əmək bazarının düzgün formalaşması bugünkü reallıqda məktəbdən başlamalı deyilmi? O mənada ki, uşaqlara əmək bazarının nə olduğu, necə formalaşdığı tədris olunsun ki, onlar ixtisas seçimi zamanı valideyndən asılı vəziyyətə düşməsinlər, özləri gedəcəkləri yolun hara apara biləcəyini elə məktəb vaxtından təsəvvür edə bilsinlər?
- Əlbəttə, buna ehtiyac var. Hazırda müəyyən proqramlar var ki, biz onların əsasında, yeddinci sinifdən etibarən şagirdlərin istiqamətini seçə bilirik ki, o hansı istiqamət üzrə getsə, daha uğurlu ola bilər. Bu tətbiqi məktəblərimizdə həyata keçirsək, düşünürəm, daha yaxşı olar. Təəssüf ki, bizdə şagirdlərimizin, övladlarımızın bilik və bacarığına baxılmır. Valideynlərin arzularına, istəklərinə baxılır və yaxud da ətrafın düşüncəsinə baxılır - “camaatın uşağı” məsələsi... Amma bu araşdırılmalıdır. Burada bilik, bacarıq, ən əsası - maraq öz hökmünü verə bilməlidir. Bu üç şeyə diqqət edə bilsək, hesab edirəm ki, övladlarımızın istiqamət seçimində daha böyük uğur əldə etmiş olarıq.
- Peşə məktəblərini necə dəyərləndirirsiniz və əmək bazarında rolunu necə görürsünüz?
- Peşə məktəbləri son illərdə inkişaf etməyə başlayıb. Həm maddi-texniki bazaları gücləndirilib, həm yeni təyinatlar olunub. Peşə sahiblərində də ən başlıca meyar əməkhaqqıdır. Əməkhaqqı yüksək olan yerə, sözsüz ki, təcrübəli mütəxəssislər gəlirlər, daha keyfiyyətli tədris təşkil olunur. Bu gün biz görürük ki, peşə məktəblərindən məzun olan tələbələrimiz artıq özləri müəyyən peşələrdə görünürlər və yaxşı da davam edirlər işləməyə. Bunu mexanika sahəsində də görürük, dərzilikdə də görürük və s. Peşə məktəblərinə bir az da diqqət olunsa, düşünürəm ki, oranı bitirən məzunlar nəinki ali təhsilli məzunlarla başabaş rəqabət apara, hətta müəyyən ixtisaslarda onları keçə də bilərlər.
Daha çox foto burada: PhotoStock.az
Əzizə İsmayılova
Rəylər