Oğurluqda təqsirləndirilən Elnur Quliyevin (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, o, 1 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan təqsirləndirilən şəxs hökmdən dərhal məhkəmə iclas zalında həbs olunub.
İttihama görə, hadisə 2025-ci ildə Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evində baş verib.
Belə ki, Elnur Quliyevin həyat yoldaşı əvvəllər zərərçəkmiş Şəhriyar Əsədovun (adı, soyadı şərtidir - red.) uşaqlarının dayəsi olub. Təqsirləndirilən şəxs ev sahibinin evdə olmadığı vaxtdan istifadə etmək qərarına gəlib.
Hadisə günü o, zərərçəkmiş şəxsə məxsus yaşayış evin yaxınlığına gələrək əvvəlcədən bildiyi yerdə saxlanılan açarı əldə edib. Yaşayış evinin ehtiyat açarı evin çöl hissəsində, elektrik sayğacının üzərində saxlanılıb.
Elnur evin qapısını açıb və qanunsuz şəkildə yaşayış sahəsinə daxil olub, otaqları yoxlamağa başlayıb.
Elnur yataq otağındakı dolabdan ilk olaraq çəkisi 25 qram, 585 əyarlı və ümumi dəyəri 5 min manat təşkil edən "Pandora" markalı qızıl dəsti götürüb. Həmin dəstin tərkibinə bir cüt sırğa, bir ədəd üzük və bir ədəd qolbaq daxil olub.
Bundan başqa, təqsirləndirilən şəxs çəkisi 5 qram olan, 585 əyarlı və 500 manat dəyərində buta formalı qızıl sırğanı da mənimsəyib.
Daha sonra Elnur çəkisi 6.5 qram olan, 585 əyarlı və 700 manat dəyərində "Tifani" markalı boyunbağını götürüb.
Cinayət işi materiallarında göstərilir ki, təqsirləndirilən şəxs evdən çəkisi 2 qram olan, 585 əyarlı və 600 manat dəyərində "Versace" markalı kişi üzüyünü də gizli şəkildə götürüb.
Araşdırmalar zamanı müəyyən edilib ki, o, bunlarla kifayətlənməyərək çəkisi 8 qram olan, 750 əyarlı və 1200 manat dəyərində İtaliya istehsalı qadın üzüyünü də oğurlayıb.
İstintaq materiallarına əsasən, oğurlanan sonuncu əşya isə çəkisi 5 qram olan, 585 əyarlı və 500 manat dəyərində "Pandora" markalı qadın üzüyü olub.
Beləliklə, Elnur yaşayış evindən ümumi dəyəri 8 500 manat təşkil edən qızıl-zinət əşyalarını gizli şəkildə aparıb.
Hadisədən sonra ev sahibi yaşayış evinə qayıdarkən qızıl əşyalarının yerində olmadığını görüb.
Bundan sonra hüquq-mühafizə orqanlarına müraciət olunub və hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Toplanmış sübutlar, zərərçəkmiş şəxsin ifadəsi, istintaq zamanı əldə olunmuş digər materiallar və ekspertiza rəyləri əsasında təqsirləndirilən şəxsin yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talaması müəyyən edilib.