Bakıdan Qaxa istirahətə gələrkən qəzaya düşən ailənin üzvlərinin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, qəza zamanı xəstəxanaya yerləşdirilənlərin biri evə buraxılıb, digərinin isə müalicələri xəstəxanada davam etdirilir:
"Avqustun 6-sı saat 11:15-də yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda 1955-ci il təvəllüdlü Eldar Abdullayevin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir.
1996-cı il təvəllüdlü Elşən Abdullayevə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb".
Aygün Mirakif
Bakıdan Qaxa istirahətə gedən ailə avtomobil qəzasına düşüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Qaxın Əmbərçay kəndi ərazisindən keçən hissəsində baş verib.
Bakı şəhər sakini, 29 yaşlı Elşən Abdullayev avtomobilin idarəetməsini itirib və nəticədə avtomobil yoldan çıxaraq öncə ağaca dəyib, daha sonra isə aşıb.
Qəza zamanı sürücü Elşən Abdullayev və onun atası, 70 yaşlı Eldar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, avtomobildə sürücünün anası da olub, lakin qadın xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.