İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, KIA markalı minik avtomobilinin sərnişinləri - 1980-ci il təvəllüdlü Gülrəng Əliyeva və 1981-ci il təvəllüdlü Mənsur Rzayev ər-arvad olublar. Qəza nəticəsində Gülrəng Əliyeva həyatını itirib, Mənsur Rzayev isə xəsarət alıb.
Qeyd edək ki, hadisə zamanı minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Həsən Həsənov da həlak olub. Avtomobildə olan hər üç şəxs Füzuli rayon sakinidir.
Məlumata görə, qəza 1982-ci il təvəllüdlü Emin Ələkbərovun idarə etdiyi DAF markalı yük avtomobili ilə Həsən Həsənovun idarə etdiyi KIA markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya
İmişli rayonunda baş verən ağır yol-nəqliyyatı zamanı ölənlərin və xəsarət alan şəxslərin adları məlum olub.
Oxu. Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Həsən Həsənov, eləcə də sərnişin, 1980-ci il təvəllüdlü Gülrəng Əliyeva həlak olub, sərnişinlər - 1981-ci il təvəllüdlü Mənsur Rzayev və yük maşınının sürücüsü, 1982-ci il təvəllüdlü Emin Ələkbərov xəsarət alıblar.
Samir Əli
İmişli rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1 nəfər şəxs (kişi) bu gün saat 11:40-da İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Ona bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1981-ci il təvəllüdlü pasiyentin müalicəsi hazırda Təcili yardım şöbəsində davam etdirilir".
Aygün Mirakif
İmişlidə baş vermiş qəza nəticəsində KIA markalı avtomobildə olan qadın və kişi həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) açıqlama yayıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
"Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, DAF markalı yük və KIA markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi və vətəndaşların sıxılı vəziyyətdə qaldığı müəyyənləşdirilib.
Yanğınsöndürən-xilasedicilər tərəfindən qəza nəticəsində vəfat edən sürücünün (kişi cinsli) və sərnişinin (qadın cinsli) meyiti KIA markalı minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib" - deyə qeyd edilir.
Hadisə ilə əlaqədar araşdırma aparılır.

İmişli rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, qəza zamanı KIA markalı minik avtomobili yük maşınının qoşqusuna çırpılıb.
Toqquşma nəticəsində iki nəfər həyatını itirib, bir nəfər isə xəsarət alıb.
Hadisənin təfərrüatı araşdırılır.

İqbal Ziya