Avtobus qəzası nəticəsində xəsarət alan 17 nəfər Naxçıvan Muxtar Respublika Xəstəxanasına müraciət edib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq xəstəxananın həkimi Fuad Rzayev bildirib.
O vurğulayıb ki, xəsarət alanlar təcili yardım vasitəsilə qəbul ediliblər:
"Hazırda xəstələrin vəziyyəti orta-stabil kimi dəyərləndirilir və müayinələr davam etdirilir.
Xəsarətlər, əsasən, bud-çanaq sınıqları (neyrocərrahi problemlər) və beyin silkələnmələri ilə bağlıdır. Pasiyentlər müvafiq şöbələrə yerləşdiriliblər, stasionar şəraitdə müalicə və müşahidələri davam etdirilir".
Məhərrəm Əliyev
Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində avtobusun aşması nəticəsində 16 nəfər xəsarət alıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, xəsarət alan şəxslər Naxçıvan Mərkəzi Xəstəxanasının müvafiq şöbəsinə hospitalizasiya olunublar. Vəziyyətləri barədə az sonra məlumat veriləcək.
Məhərrəm Əliyev
Naxçıvanda avtobus qəzaya düşüb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata əsasən, avtobusun dərəyə aşması nəticəsində 15 sərnişin xəsarət alıb.
Hadisə yerinə Naxçıvan Muxtar Respublikasının (MR) Daxili İşlər (DİN) və Fövqəladə Hallar (FHN) nazirliklərinin əməkdaşları cəlb olunublar.