Mayın 29-da Xəzər Universitetində tələbələr arasında bıçaqlanma hadisəsi qeydə alınıb.
Hadisə universitetin 3-cü kurs tələbələri - 20 yaşlı Fərid Əliyev və Məhəmməd Vəlizadə arasında baş verib. Məlumata görə, iki gün əvvəl onların arasında yaranmış dava dostlarının müdaxiləsi ilə sakitləşdirilsə də, mübahisə sonradan telefon vasitəsilə davam edib.
Mayın 29-da Fərid Əliyev universitetə gələrək Məhəmməd Vəlizadəni gözləyib. Məhəmməd universitetə daxil olan zaman Fərid özü ilə gətirdiyi bıçaqla ona bel və ayaq nahiyəsindən xəsarətlər yetirib. Xəzər Universitetinin rəsmisi Əlövsət Əmirbəyli hadisə ilə bağlı bunları deyib:
"Hər ikisi universitetin ən yaxşı tələbələrindəndir. Mühəndislik fakültəsində oxuyurlar. İlk dəfədir eşidirəm ki, aralarında mübahisə olub. Əgər bu barədə məlumatımız olsaydı, valideynlərini xəbərdar edərdik. Universitetdə bütün tələbələr yoxlanılır, bıçağın necə keçirildiyini deyə bilmərik".
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən isə bildirilib ki, hadisə ilə bağlı polisə məlumat daxil olub və əməli törətməkdə şübhəli bilinən Fərid Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
Bakıda Xəzər Universitetində tələbənin bıçaqlanmasının təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün günün birinci yarısında universitetin həyətində baş verib.
2005-ci il təvəllüdlü Məhəmməd Vəlizadə qrup yoldaşı, 2005-ci il təvəllüdlü Fərid Əliyevlə iki gün əvvəl dərs zamanı mübahisə edib. Dərsdən sonra hər iki tələbə universitetin həyətinə çıxıb və mübahisəni həyətdə davam etdirib. Tələbə yoldaşları onları sakitləşdirsələr də, gənclər telefon vasitəsilə yenidən mübahisə ediblər.
Bu gün səhər saatlarında universitetin həyətinə gələn F. Əliyev dərsə girməyib, M.Vəlizadəni gözləyib. M.Vəlizadə universitetin həyətinə daxil olarkən F.Əliyev özü ilə gətirdiyi bıçaqla ona iki zərbə endirib.
Yaralı tələbə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib və hazırda əməliyyat olunur.
F.Əliyev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
Aqil Vəlili
"Mayın 29-da saat 11:30-da Nizami rayonu, Xəzər Universitetindən təcili tibbi yardım xidmətinə çağırış daxil olub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, ünvana təcili tibbi yardım briqadası cəlb edilib:
"Təcili tibbi yardım briqadası tərəfindən 2005-ci il təvəllüdlü şəxsə (kişi cinsli) yerində ilkin tibbi yardım göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Bel nahiyəsinin deşilmiş yarası, sol bazunun kəsilmiş yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib və əməliyyat blokuna alınıb".
"Hazırda pasiyent üzərində cərrahi əməliyyat aparılır, vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda qeyd edilib.
Bu gün Xəzər Universitetində baş verən bıçaqlanma hadisəsində xəsarət alan şəxsin kimliyi məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, yaralanan şəxs 2005-ci il təvəllüdlü Məhəmməd Vəlizadədir.
Hadisənin təfərrüatı araşdırılır.
Xəzər Universitetində bıçaqlanan gəncin vəziyyəti açıqlanıb.
Universitetdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bıçaqlanmış şəxs hazırda əməliyyat olunur.
"Vəziyyəti ağır deyil", - deyə qeyd edilib.
Aləmdə Nəsib
Bakıda Xəzər Universitetində tələbə bıçaqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Oxu.Az-a bildirib ki, mayın 29-da Nizami rayonu ərazisində 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub:
"Əməli törətməkdə şübhəli bilinən yaşıdı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır".
Məlumata görə, bıçaqlanan şəxs Xəzər Universitetinin 3-cü kurs tələbəsidir.
Aqil Vəlili