Zaqatala rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Yuxarı Tala kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan dörd nəfər (kişi) avqustun 14-də saat 03:00-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin edilən şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
2009-cu il təvəllüdlü şəxslərdən biri komatoz vəziyyətdədir, müalicəsi Reanimasiya şöbəsində, vəziyyəti stabil qiymətləndirilən digər şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilən iki nəfər isə zəruri tibbi müdaxilələr olunduqdan sonra ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Zaqatalada minik avtomobilinin aşması nəticəsində biri ağır olmaqla dörd nəfər xəsarət alıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saat 02 radələrində Qax-Zaqatala avtomobil yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Zaqatala şəhər sakini, 17 yaşlı Məhərrəm Rasim oğlu Ramazanov "Lada Priora" markalı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarına aşıb.
Qəza nəticəsində sürücü M.Ramazanov, həmçinin avtomobildə olan sərnişinlər - Muxax kənd sakinləri - 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov, 17 yaşlı Sənan Kamil oğlu Şabanov və 22 yaşlı Qismət Hikmət oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə Korpusuna yerləşdiriliblər. Xəsarət alanlardan T.Ramazanovun vəziyyəti ağır qiymətləndirilir. Digər yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.