Lənkəran Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Cavid Səfərlinin məhkəməsi cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Səfərli 4 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Ələt-Astara yolunun Lənkəran rayonunun Göyşaban kəndindən keçən hissəsində baş verib. Lənkəran şəhəri, liman qəsəbə sakini 2002-ci il təvəllüdlü Cavid Səfərli idarə etdiyi "Toyota Prius" markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında velosipedlə hərəkət edən Yuxarı Nüvədi kənd sakini 1976-cı il təvəllüdlü Rasim Cəbrayıl oğlu Teymurovu vurub. Velosipedçi aldığı xəsarətlərdən ölüb.
Məhkəmədə ifadə verən sürücü bildirib ki, o, yolla hərəkət edərkən zibillik olan ərazinin yaxınlığından keçirmiş. Həmin vaxt ərazidən kəskin qoxu gəldiyindən o, bir əli ilə burnunu tutub, bir əli ilə avtomobili idarə edirmiş. Həmin vaxt o, idarəetməni itirərək velosipedçini vurub.