“Azərbaycan gimnastları çıxış etdikləri, öz proqramlarını nümayiş etdirdikləri zaman insan özünü nağıllardakı kimi hiss edir. Adama elə gəlir ki, onların əllərindəki alətlər sehrlidir”.
“Report” xəbər verir ki, bunu Slovakiyanın bədii gimnastika üzrə yığmasının məşqçisi Adela Dimova Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
Bolqarıstan əsilli sabiq gimnast əvvəllər dəfələrlə Bakıda olduğunu bildirib: “Buradakı təlim-məşq toplanışlarında, eləcə də yarışlarda iştirak etmişəm. Bakıda yüksək təcrübəyə malik çoxlu peşəkarlar var. Onlar hər zaman bizə kömək göstərməyə hazırdırlar. Bakıya səfər etməyi çox xoşlayıram. Ab-hava və şərait yüksək səviyyədədir. Bura bir gimnastla gəlmişəm. O, fərdi gimnast olaraq yığmanın heyətində yer alır. Builki yarışlara daha yaxşı hazırlaşmaq və təcrübəmizi artırmaq məqsədilə buradayıq. Əsasən xoreoqrafiya üzərində işləyirik”.
12 ildir məşqçi kimi fəaliyyət göstərən Adela Dimova Bakını çox sevdiyini vurğulayıb: “Buranı bəyənirəm. Məndə xoş təəssürat yaradan qədim şəhərdir. Milli Gimnastika Arenasını bəyənirəm, çünki burada qalmaq üçün şərait var. Təəssüf ki, bizdə bu cür şərait yoxdur. Bir sözlə, burada idmançılar üçün hər bir imkan yaradılıb”.
Məşqçi sonda Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini Mariana Vasilyevaya təşəkkürünü bildirib: “Mariana xanım mənim məşqçim olub. Mənə təkcə gimnastikanı deyil, həm də həyatı öyrətdiyi üçün ona minnətdaram”.
Rəylər