2014-cü il iyunun 1-dən 8-dək İsveçdə Tanınmamış Futbol Assosiasiyaları Konfederasiyası (ConİFA) tərəfindən tanınmamış dövlətlər arasında 1-ci dünya çempionatının keçiriləcəyi barədə məlumat yayılıb.
Oxu.Az-a AFFA-dan verilən məlumata görə, turnirdə qondarma “Dağlıq Qarabağ respublika”-sının da yığma komandasının iştirak edəcəyi məlumatda öz əksini tapıb.
Bununla əlaqədar Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Tanınmamış Futbol Assosiasiyaları Konfederasiyasına məktubla müraciət edərək qondarma “Dağlıq Qarabağ respublika”-sının Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan torpaqlarında elan olunduğunu, bu respublikanın heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmadığını qeyd edib, tanınmamış dövlətlər arasında 1-ci dünya çempionatında zəbt olunmuş Azərbaycan ərazilərini təmsil edən komandanın iştirakını qəti şəkildə pisləyib və buna kəskin etirazını bildirib.
Qeyd edək ki, turnirin İsveçdə keçirilməsi nəzərdə tutulduğu üçün məsələ ilə bağlı İsveç Futbol Federasiyasına və FİFA-ya məktub göndərilib.
Elvin Əhmədov
www.oxu.az