Rəqsanə neçə illər əvvəl başına gələnlər barədə danışıb.
Oxu.Az xəbər verir ki, ATV kanalında yayımlanan “Onlar” verilişinə müsahibə verən müğənni Rəqsanə yaşadığı, üzləşdiyi çətinliklərdən söz açarkən kövrəlib, göz yaşlarını saxlaya bilməyib.
“Bir problemim olanda, adam tapmamışam zəng edib deyim ki, bu problemim var, mənə yol göstərin. Bunu insanlar başqa cür yozurlar. Çıxıb danışırlar ki, Rəqsanənin problemi var. Amma Rəqsanənin içində nə çəkdiyini, yaşadıqlarını bilmirlər ki, niyə bunlar belə olub?
Rəqsanə pul qazananda faizlərini yeyib, başınızın altına qoymusunuz. Arxamda elə kişilər olmayıb ki, gətirib mənə maşınlar, evlər bağışlasın, brilyantlar versin. Mən həmişə sənətimlə, səsimlə pul qazanmışam. Anamdan başqa mənim heç kimim yoxdur. Atam çox zəngin, imkanlı adamdır. Verilişə çıxıb məni qəbul etmədi. Mənə maşın göndərdi. O maşın mənim nəyimə lazımdır? Mən ata kimi arxamda durmağını istəyirdim. Ögey qardaşım var. O da uşaqlarına güclə baxır. Mən ondan nə kömək istəyim?
Mən həmişə haqqımı istəmişəm, övladıma toxunanlara qarşı mübarizə aparmışam. Borcum da olub, problemlərim daha çox olub, evsiz də, maşınsız da qalmışam, hətta telefonumu satıb hansısa bir problemimi həll etmişəm. Problemlərdən o qədər bezmişdim ki, Azərbaycandan qaçdım. Kömək olan da olmadı. Hətta dua edirdim ki, qarşıma elə insan çıxsın ki, onun pulu olmasın, sadəcə mənə mənəvi dayaq dursun”.
Aytən Sadıqzadə
www.oxu.az