Argentinada "San Miqel" və "Rasinq"in veteran komandaları arasında keçirilən oyunda futbolçunun hakim köməkçisinə hücumu ciddi cəzalandırılıb.
Oxu.Az xəbər verir ki, hadisə Argentina Futbol Assosiasiyasının (AFA) Senior Liqasında keçirilən qarşılaşmada baş verib.
Hesab 3:3 olarkən "San Miqel"in futbolçusu Raul Hernan Maria Qarsiya hakim köməkçisinin qərarına etiraz edərək onun üzünə zərbə vurub. Zərbədən sonra Pablo Xavyer Valles huşunu itirib. Hakim köməkçisi xəstəxanaya çatdırılıb və müayinələr zamanı burun çəpərinin sınığı və müxtəlif xəsarətlər aşkarlanıb. O, gecəni xəstəxanada keçirib.
Hadisə ilə bağlı cinayət işi də başlanıb. Məsələ Avellaneda şəhərinin prokurorluğunda araşdırılır. "San Miqel" klubu hadisədən sonra açıqlama yayaraq hakim köməkçisindən üzr istəyib və futbolçunun davranışını pisləyib.
Qeyd edək ki, Raul Hernan Maria Qarsiya Senior kateqoriyası üzrə rəsmi turnirlərdə ömürlük diskvalifikasiya edilib. "San Miqel" isə cari mövsümün qalan hissəsində yarışdan kənarlaşdırılıb. Hadisə ilə bağlı yekun qərarı Argentina Senior Liqasının İntizam Komitəsi verəcək.