Oyunçular və mənim üçün böyük məsuliyyət var. Hədəfimiz qalib gəlməkdir. Bu yolla Çempionlar Liqasına getmək istəyirik.
Oxu.Az xəbər verir ki, bunu “Arsenal”ın baş məşqçisi Unai Emeri deyib.
O sabah keçiriləcək UEFA Avropa Liqasının final görüşü barədə bunları deyib:
“Tam yüksək-əhval ruhiyyə ilə oynamağa çalışacağıq. Yarışın özü təkmilləşir. Ötən il də finalda böyük klublar oynayıb. Dünya futbolu üçün önəmli bir məqamdır. Arsen Venqerin bu klubda etdikləri heyranedicidir. O, kluba futbol mədəniyyəti gətirib. Bu mədəniyyəti qorumaq və təkmilləşdirmək istəyirəm. Ondan çox şey öyrənmişəm. Ona böyük hörmət və etiramım var. Məncə, indiki və gələcəkdəki “Arsenal” dünyada 10 ən yaxşı komandadan biri olacaq.
Çempionlar Liqasına getmək üçün bu turnirin qalibi olmaq hissinin bizə əlavə üstünlük verdiyini düşünmürəm. Əsas məqsəd titul əldə etməkdir. Hər iki komandanın əsas hədəfi budur. Ümumiyyətlə, mövsüm başlayanda iki hədəfimiz vardı: Avropa Liqasının qalibi olmaq və Premyer Liqa vasitəsilə Çempionlar Liqasına vəsiqə qazanmaq. İndi hər iki məqsədimizi birdən reallaşdıra bilərik.
Məqsədimiz oyuna yaxşı köklənməkdir. Titul qazanmaq və Çempionlar Liqasına düşmək istəyirik. Bunun üçün çox yaxşı fürsətimiz var. Mən üç il əvvəl Tbilisidə UEFA Superkubok matçında “Sevilya” məşqçisi kimi “Barselona”ya qarşı oynamışam. UEFA finalın Bakıda keçirilməsinə razılıq veribsə, buna hörmətlə yanaşmalıyıq. Mən də istəyirəm ki, azarkeşlərimiz Bakıya gəlsinlər. Amma yol uzaqdır. “Arsenal”ın Bakıda da və bu ölkəyə yaxın yerlərdə də azarkeşləri var. Onlar stadionda bizə kömək edə bilər. Bu böyük, heyrətamiz stadionun sabah dolacağına inanıram”.
Qeyd edək ki, sabah “Arsenal” və “Çelsi” finalda qarşılaşacaq. Final görüşü Bakıda saat 23:00-da başlayacaq.
Səbuhi MUSAYEV