Güləş və avarçəkmədən narazıyam. Daima cüdodan yüksək nəticə gözləyirəm. Amma onlar da gümüş medaldan yuxarı qalxa bilmirlər. Həmçinin, boksdan istədiyimiz nəticəni ala bilmədiyimiz üçün məyusam. Halbuki bu idman növündə ənənəmiz var.
Oxu.Az xəbər verir ki, bu fikirləri Gənclər və İdman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında səsləndirib.
O bildirib ki, Rusiyanın düşdüyü dopinq məsələsi ilə bağlı Azərbaycanı təhlükə gözləmir:
“Mən Rusiyanın Gənclər və İdman naziri Kolobkovla yaxın münasibətdəyəm. O, mənə Rusiya ilə bağlı yaşanan dopinq qalmaqalının əsl həqiqətlərini danışıb. Ancaq siz mətbuat nümayəndəsi olduğunuzdan bunu sizə indi açıqlaya bilmərəm. Bəlkə nə vaxtsa açıqladım. Bu dopinq qalmaqalının Azərbaycana heç bir təsiri olmayacaq”.
O, bölgələrdə idman qurğularının tikilməsi barədə danışarkən bunları deyib:
“Yevlax böyük şəhər olsa da, orda bir idman qurğusu yoxdur. Cənab prezident haqlı olaraq o barədə fikir bildirib. İndi orda idman kompleksinin salınmasının nə vaxt olacağı bilinmir. Biz büdcədən asılı olaraq İqtisadiyyat Nazirliyinə smetanı təqdim edirik. O nazirlik də buna uyğun pul ayırır. Gəncə və Sumqayıt şəhər stadionları yerli icra hakimiyyətlərinin balansındadır. İstərdim ki, Gəncə şəhər stadionu layiqli şəkildə təmir olunsun”.
Sonda Azad Rəhimov idman jurnalistlərinin yeni qurum yaratmalı olduğunu və onlara kömək edəcəyini bildirib:
“Hazırda Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının işindən razı deyiləm. O qurumun fəaliyyəti görünmür. Amma Qabil Mehdiyevə tapşırmışam ki, yeni idman jurnalistlərindən ibarət qurum yaradılsın. Mən də sizə həmin qurumun qeydiyyatında köməklik edərəm. Mən, məsələn, Ülvi Quliyevdən karatenin cürbəcür federasiyalarını birləşdirib, vahid assosiasiya yaratmağı xahiş etdim. O, dürüst adamdır, ona inamım böyükdür. Belə də etdi. İndi idman jurnalistləri də belə bir qurum yarada bilər”.
Səbuhi Musayev
Rəylər