Oktyabrın 6-7-də Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə IV Azərbaycan çempionatı və Bakı birinciliyi keçiriləcək.
Oxu.Az xəbər verir ki, ikinci dəfədir açıq elan olunan çempionat Beynəlxalq Gimnastika Federasiyası tərəfindən beynəlxalq yarış kimi təsdiqlənib.
Bu da o deməkdir ki, medallar uğrunda gedən mübarizədə yerli gimnastlarımız meydançanı xarici gimnastlarla bölüşəcəklər. Ötən il olduğu kimi, bu il də Bolqarıstan və Rusiyadan, həmçinin ilk dəfə olaraq, Ukrayna və Qazaxıstandan gimnastların qatılacağı turnir artıq rəqabətin yüksək olacağını vəd edir.
Qeyd edək ki, iki gün davam edəcək yarışda 200-ə yaxın gimnastın iştirakı gözlənilir. “Ocaq Sport” və “AyUlduz” klublarının təmsilçiləri, o cümlədən qonaq gimnastlar 7-8, 9-11, 12-14, 15-17, 18 və daha böyük yaş kateqoriyasında yer alaraq, fərdi qadın, fərdi kişi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.
Səbuhi MUSAYEV
www.oxu.az