Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçiriləcək karate üzrə dünya çempionatında Azərbaycan karateçisi İrina Zaretskaya xüsusi geyimlə tatamiyə çıxacaq.
Oxu.Az-ın xəbərinə görə, 16-22 noyabr tarixlərində keçiriləcək dünya çempionatında Olimpiya mükafatçımız İrina Zaretskaya çiyinlərində qızılı naxışları olan xüsusi kimano ilə döyüşəcək.
Buna səbəb onun son 2018-ci ildə Madriddə keçirilən son dünya çempionatının 12 qalibindən biri olmasıdır.
Həmçinin kata üzrə Yaponiya millisinin həm kişi, həm də qadın komandası, eləcə də kumite üzrə Fransa və İranın qadın və kişi komandalarının bütün üzvləri son dünya çempionu olduqlarından belə formada olacaqlar.
Qeyd edək ki, dünya çempionatında 117 ölkədən 1054 karateçi mübarizə aparacaq. Əlcəzair, Braziliya, Xorvatiya, Misir, Fransa, İran, İtaliya, Yaponiya, Rusiya, İspaniya və Türkiyə bütün 16 kateqoriya üzrə yarışacaq.
Yarışda 8 Olimpiya çempionu və 2018-ci ilin son 12 dünya çempionundan 10-u çıxış edəcək.

Səbuhi Musayev