Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən Azərbaycan klublarının heyətinin dəyərində dəyişikliklər olub.
Oxu.Az xəbər verir ki, 12 komandalı çempionatda heyətinin dəyəri ən aşağı olan klub "İmişli"dir. Heyətini bir neçə legionerlə gücləndirən bölgə təmsilçisinin dəyəri 550 min avrodur. Dəyəri aşağı olan digər klub isə "Qəbələ"dir. Onun heyətinin ümumi dəyəri 800 min avrodur. Azərbaycan Premyer Liqasına yeni qoşulan "Karvan" klubunun heyətinin dəyəri 1.2 milyon avrodur.
Premyer Liqanın ən dəyərli klubu "Qarabağ"dır. Son çempionun heyətinin ümumi qiyməti 24.15 milyon avrodur. Bu rəqəm ötən mövsümün sonunda 24.4 milyon avro idi. "Qarabağ"da Veşoviç, Benzia kimi oyunçuların gedişi klubun dəyər itirməsinə səbəb olub.
Heyətinin dəyəri artan isə "Neftçi"dir. "Ağ-qaralar"da heyətdə ciddi dəyişikliklər var və transferlərdən sonra komandanın "transfermarkt"da qiyməti 10 milyonu ötüb (10.98 milyon avro).
"Qarabağ"dan sonra dəyər itirən digər komanda isə "Şamaxı"dır. Bölgə təmsilçisi legionerlərinin çoxunu göndərib və komandanın heyətinin dəyəri 3.53 milyon avroya düşüb. Ötən mövsümün sonunda isə bu rəqəm 3.70 milyon avro idi.
Premyer Liqa klublarının dəyərləri:
1. "Qarabağ" - 24.15 milyon avro;
2. "Zirə" - 13.80 milyon avro;
3. "Sabah" - 12.38 milyon avro;
4. "Neftçi" - 10.98 milyon avro;
5. "Araz-Naxçıvan" - 9.43 milyon avro;
6. "Turan Tovuz" - 8.18 milyon avro;
7. "Sumqayıt" - 5.35 milyon avro;
8. "Kəpəz" - 4.33 milyon avro;
9. "Şamaxı" - 3.53 milyon avro;
10. "Karvan" - 1.2 milyon avro;
11. "Qəbələ" - 800 min avro;
12. "İmişli" - 550 min avro.