Ötən gün "Zirə"nin UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda Gürcüstan təmsilçisi "Torpedo Kutaisi"ni məğlub etməsi (3:0) Azərbaycanın UEFA əmsallar cədvəlində xal ehtiyatını daha da artırıb.
Oxu.Az xəbər verir ki, bu qalibiyyət ölkəyə daha 0.250 xal qazandırıb.

Qeyd edək ki, daha əvvəl UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS (Uels) klubunu (UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi - red.) doğma divarlar arasında 2:0 hesabı ilə məğlub edən "Sabah" da eyni töhfəni verib.
Avrokuboklara start verən klublarımızın ardıcıl qələbələri yeni mövsümdə bu dəqiqəyə kimi UEFA reytinqində Azərbaycanın ən çox əmsal qazanmasına və müvəqqəti də olsa, liderliyi ələ almasına səbəb olub.
Xatırladaq ki, təsnifat mərhələsində qələbəyə görə əmsallar cədvəlində bir xal, heç-heçəyə görə isə yarım xal verilir, toplanan xallar avrokuboklarda iştirak edən klubların sayına bölünür.

Azərbaycan əmsallar cədvəlində hazırda 19.062 xalla 26-cı pillədə qərarlaşıb. 27-ci sıradakı Slovakiyanın 18.250, 25-ci mövqedəki İsrailin isə 20.750 xalı var.