Kikboksinq üzrə dünya çempionatının bu il hansı ölkədə keçirilməsinə aydınlıq gəlib.
Oxu.Az-a Azərbaycan Kikboksinq Federasiyasının baş katibi və milli komandanın rəisi Sadıx Bağırov tərəfindən verilən məlumata görə, bununla bağlı WAKO-nun (Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyası) irlandiyalı prezidenti Roy Beyker tərəfindən məktub gəlib.
Məktubda bildirilib ki, kikboksinqin bütün üslubları üzrə böyüklər və veteranlar arasında keçiriləcək dünya çempionatı 14-24 oktyabr tarixlərində İtaliyanın Venesiya bölgəsinin Yezolo Lido (və ya Lido di Yezolo) adlı ərazisində baş tutacaq.
Həmçinin bildirilib ki, avqustda Macarıstanın Dyör şəhərində keçirilməli olan uşaqların, yeniyetmələrin və gənclərin Avropa çempionatı ləğv olunub. Bu yarışın yeni məkanı və tarixi barədə qərar WAKO Avropanın Direktorlar Şurası tərəfindən iki həftə ərzində veriləcək.
Qeyd edək ki, dünya çempionatının keçirilməsinə namizədlər arasında Bakı da var idi. Azərbaycandan başqa, Niderland və Monteneqro da namizədlər arasında olduğundan, gənclərin Avropa çempionatına ev sahibliyi bu üç ölkədən birinə veriləcək.
Səbuhi Musayev