Azərbaycanlı azyaşlı futbolçu Kamran Babazadə Xorvatiyanın məşhur "Dinamo Zaqreb" klubundan rəsmi dəvət alıb.
Bu barədə Oxu.Az-a "Xankəndi" FK-nın klub meneceri, eyni zamanda futbolçunun atası Rəşad Babayev məlumat verib.
Onun sözlərinə görə, "Dinamo" klubu Kamran Babazadənin "Şəfa" futbol klubuna rəsmi dəvət məktubu göndərib. Məktuba əsasən, 4 sentyabr 2012-ci il təvəllüdlü futbolçu 27 iyul-2 avqust 2026-cı il tarixlərində klubun U-15 akademiyasında baxış prosesində iştirak etməlidir.
Sənəddə qeyd olunub ki, baxış müddətində futbolçu akademiyanın məşqçi heyəti ilə məşq edəcək və oyunçu qiymətləndirmə proqramına cəlb olunacaq. Eyni zamanda, bildirilib ki, baxış yalnız "Şəfa" FK-nın rəsmi razılığı əsasında həyata keçiriləcək.
Rəşad Babayev bildirib ki, "Dinamo"nun idman direktoru Qoran Vlaoviçin rəhbərliyi altında son 20 gün ərzində klubun məşqçi və skaut qrupu Kamran Babazadənin videolarını izləyərək onun oyununu təhlil edib. Bundan sonra futbolçunun Xorvatiyaya baxışa dəvət olunması barədə qərar qəbul edilib.

O qeyd edib ki, FIFA lisenziyalı futbol agenti və hüquqşünas Katarina Koşiç də prosesdə yaxından iştirak edib və Kamranın ailəsinin Xorvatiyada hərtərəfli dəstəklənəcəyini bildirib.
Rəşad Babayev əlavə edib ki, mütəxəssislər Kamranın yaşına baxmayaraq, rahat futbol oynamasını, yüksək texniki hazırlığını, topa nəzarətini, oyun hissini, meydanı görmək bacarığını, sürətli driblinqlərini, düzgün qərarlar verməsini və qol duyumunu yüksək qiymətləndiriblər.

Onun sözlərinə görə, "Dinamo Zaqreb" akademiyasından rəsmi dəvət alan Kamran Babazadənin Xorvatiyaya səfərinin baş tutması üçün maliyyə məsələsi hələ də həllini tapmayıb. Ailənin hazırkı maddi vəziyyəti buna imkan vermir.
R.Babayev bildirib ki, Kamran hazırda müqavilə ilə "Şəfa" klubuna məxsusdur və Xorvatiya klubuna göndərilməsi üçün klubun rəsmi razılığı tələb olunur. O, "Dinamo" kimi dünya səviyyəli akademiyadan rəsmi dəvət almasının həm futbolçu, həm də Azərbaycan futbolu üçün əlamətdar hadisə olduğunu vurğulayıb.

Qeyd edək ki, Kamran Babazadə hazırda "Şəfa" futbol klubunda çıxış edir. O, U-14 Azərbaycan Liqasında komandasının 10 nömrəli kapitanı və yarımmüdafiəçisi, oyun qurucusudur. Meydandakı yüksək texnikası, oyunu görmə qabiliyyəti, dəqiq ötürmələri və vurduğu qollarla yerli futbol mütəxəssislərinin və azarkeşlərin rəğbətini qazanıb.
Kamran Babazadə futbol fəaliyyətinə "Sabah" FK-da başlayıb. Daha sonra "Ordu" uşaq futbol klubunda çıxış edib. 2021-2022-ci illər mövsümündə U-10 Respublika çempionu olub. Sonradan yenidən "Sabah" FK-ya qayıdıb, müxtəlif yaş qruplarında Respublika çempionatlarında iştirak edib. 2025/26 mövsümündə "Şəfa" FK-ya transfer olunan futbolçu komandasının U-14 Liqasının pley-off mərhələsinə yüksəlməsində də pay sahibi olub.

Rəşad Babayev bildirib ki, "Dinamo Zaqreb" akademiyası səviyyəsində Azərbaycan mənşəli futbolçunun rəsmi dəvət alması nadir hadisələrdəndir. O, bu uğurun təkcə Kamran üçün deyil, bütövlükdə Azərbaycan futbolu üçün önəmli addım olduğunu qeyd edib.