Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub.
Oxu.Az xəbər verir ki, qitənin ən nüfuzlu yarışında qüvvəsini sınayan Bakının “Azəryol” klubu VI turunun oyununa səfərdə meydana çıxıb.
Bu oyunadək qrupda ikinci yeri təmin edən və adını pley-offa yazdıran Aleksandr Çervyakovun yetirmələri Fransada “Nant”ın qonağı olub. “Azəryol” üçün formal xarakter daşıyan görüşdə komandamız rəqibini “quru hesab”la məğlub edib.
Matça yaxşı başlayan “yolçəkənlər” ilk seti böyük üstünlüklə qazanıb - 25:12. Lakin meydan sahibləri ikinci hissədə “Azəryol”a müqavimət göstərib. Buna baxmayaraq, təmsilçimiz yenə qalib gəlməyi bacarıb.
Üçüncü setə də yaxşı start verən komandamız bu dəfə də rəqibinə güzəştə getməyib və matçı darmadağınla başa vurub.
Qeyd edək ki, “Azəryol” Bakıda “Nant”ın müqavimətini tay-brekdə qırmışdı.
Çempionlar Liqası
B qrupu
28 yanvar
“Nant” (Fransa) – “Azəryol” (Azərbaycan) - 0:3 (12:25; 25:27; 17:25)
Hakimlər: Sabina Vitt (Almaniya), Sandro La Miçel (İtaliya)
Nant, Mangin Beaulieu
E.Ə.
www.oxu.az