"Nazimə çox hörmət edirəm. Amma UFC təşkilatçıları bilirlər nə edirlər. Bu, aramızda bir müharibə olacaq".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın UFC (qarışıq döyüş növləri) döyüşçüsü Nazim Sadıxovla Bakıda üz-üzə gələcək braziliyalı Nikolas Motta mətbuat konfransında deyib.
N.Sadıxovun rəqibi bildirib ki, Nazimlə bundan əvvəl də qarşılaşmaq fürsəti olub:
"O vaxt alınmadı, amma indi UFC bizə döyüş təklifi etdi. İkimizin də döyüş tərzi elədir ki, baxımlı döyüş olacaq. Məhz bu səbəbdən UFC bizi bir-birimizə rəqib seçdi".
"Üç raund döyüşməyə tam hazıram. Tailandda yaxşı məşq keçdim, ona görə də deyərdim ki, mən Nazimlə Bakıda dörd-beş raund da döyüşə hazıram", - deyə Motta bildirib.
Qeyd edək ki, Nazim Sadıxov son döyüşünü 2024-cü il fevralın 16-da Las-Veqasda keçirib. O, braziliyalı İsmael Bonfimi texniki nokautla məğlub edərək UFC-də 10-cu qələbəsini qazanıb.
Nazim Sadıxov iyunun 21-də "Baku Crystall Hall"da təşkil olunacaq döyüşdə Nikolas Motta ilə qarşılaşacaq.
Təhməz Əsədov