Avstraliya Qran Prisi zamanı keçirdiyi inanılmaz qəzadan zədəsiz xilas olan McLaren-Honda komandasının pilotu və 2016-cı il Avropa Qran Prisinin Rəsmi Elçisi Fernando Alonso keçirdiyi qəza ilə bağlı Azərbaycanlı azarkeşlərindən aldığı saysız-hesabsız dəstəyə görə minnətdarlığını ifadə edib.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Halqasından məlumat verilib.
“Azərbaycanda olan bütün azərkeşlərimə göstərdikləri dəstəyə görə minnətdaram. Mən çox xoşbəxtəm ki, bazar günü baş vermiş dəhşətli qəzadan zədə almadan qurtuldum.
Biz pilotların həyatı, azərkeşlərin sərhədsiz dəstəyinə arxalanır və mən çox sevinirəm ki, bu azərkeşlərin arasında Azərbaycandan olan belə gözəl insanlar var.
İndi bir daha Bakıda ilk dəfə keçiriləcək Formula 1 yarışlarının rəsmi səfiri olmaqdan qürur duydum. Qarşıdan gələn yay mövsümünü səbirsizliklə gözləyirəm ki, əsrarəngiz Bakıda keçiriləcək Avropa Qran Prisində azərkeşlərimin qarşısında iştirak edə bilim” - deyə Fernando Alonso bildirib.
E.Ə.
www.oxu.az