FIFA prezidenti Canni İnfantinonun baş məsləhətçisi Karlos Kordeyro qurumun rəhbərinin dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planına etiraz əlaməti olaraq vəzifəsindən istefa verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
"FIFA prezidentinin baş məsləhətçisi, keçmiş bankir və ömrü boyu futbol azarkeşi olmuş bir insan kimi, təşkilatın dünya çempionatındakı payını satmağı nəzərdən keçirdiyi bir vaxtda kənarda qala bilmərəm. Açıq demək istəyirəm: bu təkliflə heç bir əlaqəm olmayıb və ona qəti şəkildə qarşıyam. Bu, FIFA-ya üzv olan assosiasiyalar üçün, futbol üçün və bu oyunun uzunmüddətli gələcəyi üçün pis bir razılaşmadır", - deyə Kordeyro bildirib.
Xəbərdə bildirilir ki, sözügedən layihənin irəli sürülməsi səbəbindən İnfantino ən yaxın ətrafının dəstəyindən məhrum olub.
Xatırladaq ki, bir müddət əvvəl İnfantinonun dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmağı planlaşdırdığı məlum olub. FIFA-dan bildirilmişdi ki, bu sxem 4.2 milyard dollar cəlb etməyə imkan verə bilər. Lakin bu təşəbbüs funksionerlər, federasiyalar və digər təşkilatlar tərəfindən kütləvi şəkildə tənqid edilib. Daha sonra UEFA FIFA bayrağı altında keçirilən turnirləri boykot edəcəyini açıqlayıb. Bu qərar təşkilatın bütün 55 üzvü tərəfindən dəstəklənib. Həmçinin həmin təklif Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Ölkələri Futbol Konfederasiyasının (CONCACAF) üzvləri tərəfindən də rədd edilib. Asiya Futbol Konfederasiyası isə FIFA-nın idarəetmə sistemində islahatların aparılmasına çağırış edib.