Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında 1/4 final mərhələsi başa çatıb. Mərhələnin son döyüşündə Azərbaycan millisinin lideri Məhəmmədrəsul Məcidov gücünü yoxlayıb.
Boks Federasiyasından Oxu.Az-a verilən məlumata görə, +91 kq çəki dərəcəsində rinqə çıxan ikiqat dünya çempionumuz Camili-Dini Aboudo-Moindze (Fransa) ilə üz-üzə gəlib. Görüş boksçumuzun 3:2 (27:30, 30:27, 28:29, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, yarımfinala yüksəlməklə, ən azı bürünc medalı da təmin edib.
Bu, təmsilçilərimizin Hamburqda təmin etdiyi ikinci mükafat olub. Məcidovdan öncə Kamran Şahsuvarlı (75 kq) da 1/4 final döyüşünü qələbə ilə başa vurub. Onların qazanacağı medalın əyarı isə növbəti döyüşlərdən sonra dəqiqləşəcək.
Məcidov sentyabrın 1-də keçiriləcək 1/2 finalda avstraliyalı Jozef Qudelli sınağa çəkəcək.
29.08.2017 09:33
Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub. Mərhələnin son günündə Azərbaycan millisinin 2 boksçusu da rinqə çıxıb.
Oxu.Az xəbər verir ki, onlardan biri - Məhəmmədrəsul Məcidov (+91 kq) mundialda növbəti qələbəsini qazanıb. İkiqat dünya çempionumuz iordaniyalı Hüseyn İşayşi məğlub edib - 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27).
Məcidov 1/4 finalda Camili-Dini Aboudo-Moindze (Fransa) ilə üz-üzə gələcək. Döyüş avqustun 29-da olacaq.
Dünya çempionumuzdan fərqli olaraq, Pərviz Bağırov yarışla vidalaşıb. 69 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz 1/8 finalda Tuvşinbat Byambaya (Monqolustan) 1:4 (28:29, 27:30, 29:28, 27:30, 27:30) hesabı ilə məğlub olub.